Yuxarı Qarabağ kanalında suyun əvvəlki səviyyədə axması ilə bağlı göstəriş verilib.
Senzor.az xəbər verir ki bunu açıqlamasında Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi Şakir İmanov bildirib. İdarə rəisi qeyd edib ki, sızma baş verən kanalda bənd bərkitmə işləri tamamlanmaq üzrədir:
"Yuxarı Qarabağ kanalında sızma baş verib. Sızmanın qarşısı qısa müddətdə aradan qaldırılıb. Kanalın bəndində bərpa işləri başa çatıb. Biz kanalın suyunun əvvəlki səviyyəyə qaldırılması ilə bağlı göstəriş vermişik. Maksimum 1 sutka ərzində su əvvəlki səviyyəsində axacaq".
Qeyd edək ki, 2 avqust tarixində Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər subasmaya məruz qalıb. FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. FHN-in qüvvələri tərəfindən subasmaya məruz qalmış Qaraqoyunlu kəndində zəruri təhlükəsizlik tədbirləri görülüb, o cümlədən təxliyə işləri həyata keçirilib.
**2023-08-02 23:12
Bərdə rayonunun Qaraqoyunlu kəndində subasma ilə əlaqədar təxliyə işləri həyata keçirilib.
Bu barədə Senzor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd edilib ki, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə daxil olmuş məlumat əsasında FHN-in Qarabağ, Aran və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.
FHN-in qüvvələri tərəfindən subasmaya məruz qalmış Qaraqoyunlu kəndində zəruri təhlükəsizlik tədbirləri görülüb, o cümlədən təxliyə işləri həyata keçirilib.
Hazırda aidiyyəti qurumlarla koordinasiyalı şəraitdə su kanalının bəndinin uçmuş hissəsinin bərpası işləri davam etdirilir.
**20:36
Bərdə rayonunun Qaraqoyunlu kəndində subasma zamanı köməksiz qalan sakinlər təxliyə olunub.
"Report"un verdiyi xəbərə görə, Yuxarı Qarabağ kanalının daşması nəticəsində Ərəblər və Qaraqoyunlu kəndləri su altında qalıb.
FHN-in Qarabağ Regional Mərkəzinin Xüsusi Riskli xilasetmə hissəsinin əməkdaşları Qaraqoyunlu kəndində su dolan evlərdə köməksiz qalan sakinləri təxliyə ediblər.
Hazırda kənddə xilasetmə işləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşları da sakinlərin və onların əmlakının təhlükəsiz şəkildə təxliyə edilməsi üçün zəruri tədbirlər görürlər.
**18:31
Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər subasmaya məruz qalıb.
Bu barədə Senzor.az-a FHN-dən bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.