Kürdəmir rayonunda bir nəfərin ölməsi və daha bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
“Report” bildirir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, içi pomidorla dolu olan “Ford Tranzit” markalı yük avtomobili Ucar istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan Bərdə rayon sakini, Qurbanzadə Aminin idarə etdiyi və yük yeri mişar daşı ilə dolu olan “KamAZ”a çırpılıb.
Nəticədə “Ford Tranzit”dəki iki nəfər - Gəncə şəhər sakinləri, 39 yaşlı sürücü İsgəndərov Ramin Akif oğlu və onun sərnişini Heydərov Ramin Sabit oğlu ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Amma Ramin Heydərov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.