Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə 2023-2025-ci illər üçün birgə fəaliyyət planı” mövzusunda Qızılağac Milli Parkında müşavirə keçirilib.
FHN-dən Senzor.az-a verilən məlumata görə, tədbirdə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin yerli qurumlarının nümayəndələri, eləcə də Qızılağac Milli Parkının əməkdaşları iştirak ediblər.
Tədbir zamanı meşə və yaşıllıq ərazilərdə yanğın hallarının baş verməməsi üçün kənd təsərrüfatı ilə məşğul olan sahibkarların, fermerlərin, meşə ətrafında yaşayan kənd sakinlərinin, heyvandarlıq və əkinçiliklə məşğul olan vətəndaşların odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin vacibliyi qeyd edilib.
Tədbirdə meşə yanğınlarının və qanunsuz kömür istehsalının qarşısının alınması istiqamətində görülən işlərdən bəhs edən fotoslayd və videoçarx nümayiş olunub.
Müşavirənin sonunda tədbir iştirakçıları adından meşəətrafı ərazilərdə yaşayan və təsərrüfat fəaliyyəti ilə məşğul olan vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi əməl etmələri barədə çağırış edilib.