Ağsu rayonu, Girdə kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın tam söndürülüb.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində dağlıq ərazidə quru ot, kol-kos, ağac və ağac kötükləri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
**21:25 (22.08.2023)
Ağsu rayonu, Girdə kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu barədə Senzor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və ərazinin çətin keçidli dağlıq ərazi olması səbəbindən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğınsöndürmə işlərində texnika ilə yanaşı, əl ilə söndürmə üsulundan istifadə olunur.
Əlavə məlumat veriləcək.
**17:07
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonu, Girdə kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-dən Senzor.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.