Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan bacı-qardaş vəfat edib.
“Report”un əldə etdiyi məlumata görə, hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Quliyeva Fərəh Əbdül qızı və 1997-ci təvəllüdlü Quliyev Toğrul Əbdül oğlu xəstəxanada dünyasını dəyişib.
Yaxınlarının məlumatına görə, hadisə zamanı onların nənə və ataları həyətdə, anaları evin ikinci mərtəbəsində, bacı-qardaş isə evin birinci mərtəbəsində olublar. Partlayış evin birinci mərtəbəsində qeydə alınıb. Bu səbəbdən yalnız iki nəfər – bacı-qardaş ağır yanıq xəsarətləri alıb. Ailənin digər üzvləri isə xəsarət almayıblar.
Qeyd edək ki, hadisə ümumi sahəsi 250 m² olan ikimərtəbəli fərdi yaşayış evində baş verib. İlkin ehtimala görə, yanğınla müşayiət olunan partlayışa səbəb məişət qazının sızması olub.