Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsində təmir-bərpa işləri başa çatıb, avtomobillərin hərəkətində məhdudiyyət yoxdur.
Bu barədə Senzor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, ötən gün yağan güclü yağışdan sonra dağlardan gələn sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsi təmirə bağlanmışdı.
**13:49
Dünən sel səbəbindən bağlanan Bakı-Şamaxı-Yevlax avtomobil yolu bu gün qismən bərpa olunub.
Senzor.az bildirir ki, bu gün birtərəfl hərəkət xətti bərpa olunan yol sel nəticəsində yığılmış lil qatlarından təmizlənir, təmir-bərpa işləri aparılır.
Əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Agentliyin baş mühəndisi Həsən Məmmədli bildirib ki, yağan yağış suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu ərazisindən keçən hissəsinin 194+500-cü km-də yol təsərrüfatına zərər dəyib. Yağış sularının səviyyəsi yüksək olduğundan avtomobil yolunun hərəkət hissəsindən keçərək, həmin adıçəkilən kilometrdə avtomobil yolunun çökməsinə səbəb olub.
Yolla bağlı görülən işlərlə yanaşı ziyan dəymiş elektrik və rabitə dirəkləri də bərpa edilir.
Sel fərdi evlərə, iaşə obyektlərinə, fərdi təsərrüfatlara ciddi ziyan vurub.
Hazırda dəymiş ziyanın hesablanması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə baxış keçirirlər.
**22:04 (08.26.2023)
Yağan güclü yağışdan sonra dağlardan gələn sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsi təmirə bağlanıb.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Hazırda aidiyyəti dövlət qurumları tərəfindən koordinasiyalı şəkildə müvafiq zəruri tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
**21:40
Xəbər verdiyimiz kimi, avqustun 26-da günün ikinci yarısından Göyçaya yağmağa başlayan güclü leysan xarakterli yağış bir sıra fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gələn sel suları səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Qaraməryəm kəndindən keçən hissəsində yol hər iki istiqamətə bağlanıb.
Bəzi avtomobillər sel suları altında qalıb.
Hazırda yolun təmizlənməsi, həmçinin sel suları və lil qatı altında qalan avtomobillərin çıxarılması prosesi davam edir.
**19:24
Bakı-Şamaxı-Yevlax yolunu su basıb, yüzlərlə avtomobil yolda qalıb.
"Report"un məlumatına görə, İsmayıllı rayonuna yağan güclü leysandan sonra dağlardan gələn sel suları Göyçay rayonunda fəsadlara səbəb olub.
Bu gün saat 17:30 radələrində Göyçayın Qaraməryəm kəndini sel basıb, evlər, obyektlər su altında qalıb. Dağlıq ərazidə yerləşən Qaraməryəm kəndi ərazisindəki xırda balıqçılıq göllərinin daşması nəticəsində sel suları Bakı-Şamaxı-Yevlax yolunu bağlayıb. Magistral yolda nəqliyyatın hərəkəti yarım saatdan çox dayanıb. Bir neçə avtomobil yoldakı qalın lil qatında batıb, sel sularının təsiri nəticəsində 3 avtomobilə ziyan dəyib.
Hazırda yolun lildən təmizlənməsi və nəqliyyatın hərəkətinin təmin olunması üçün işlər görülür.