Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) “Aztelekom” İstehsalat Birliyinin Hacıqabul Telekommunikasiya Qovşağının Atbulaq kəndi ərazisində yerləşən inzibati binasından bir ədəd elektrik generatorunun oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Senzor.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq faktını törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Vahid Zairov və Bakı şəhər sakini Rövşən Heydərov saxlanılıblar.
İlkin dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, qabaqcadan əlbir olaraq Atbulaq kəndi ərazisində yerləşən inzibati binaya dəmir barmaqlıqları qırmaqla qanunsuz daxil olduqlarını, oradan dəyəri 1 000 manatdan artıq olan bir ədəd elektrik generatorunu ələ keçirdiklərini və Bakı şəhəri ərazisində dəyərindən ucuz qiymətə satdıqlarını bildirib.
Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlər nəticəsində generatorun satıldığı ünvan da müəyyən edilib və maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri zamanı isə rayon ərazisində qanunsuz olaraq odlu silah və sursat saxlamaqda şübhəli bilinən iki nəfər - əvvəllər də məhkumluq həyatı yaşayan Mirqadir Həşimov və Pərviz Quliyev - saxlanılıb. Hər iki şəxsdən narkotik vasitə olan heroin, eləcə də lüləsi və qundağı kəsilmiş və atəşə yararlı odlu silahlar aşkarlanaraq götürülüb.
Bundan əlavə, polis əməkdaşlarının son günlərdə keçirdikləri tədbirlər zamanı yeddi rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri də götürərək barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Aşkarlanan bütün faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.