Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə xüsusi iclası keçirib.
Senzor.az-ın xəbərinə görə, toplantının gündəliyinə bir məsələ - İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanatın qəbul olunması daxil edilib.
Ali Məclis sədrinin müavini Anar İbrahimov xatırladıb ki, 20 il bundan əvvəl – 2003-cü ildə İlham Əliyev ilk dəfə Prezident seçilib.
“Çoxşaxəli və zəngin fəaliyyətində dövlət başçısının əsas nailiyyətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, işğalda olan ərazilərimizin geri qaytarılması ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdir. Bu gün bizim mükəmməl institutlarımız, güclü iqtisadiyyatımız, müdafiə potensialımız, düşünülmüş inkişaf strategiyamız və ən əsası isə dünyada tanınan və nüfuz sahibi olan cənab İlham Əliyev kimi liderimiz var”, - o vurğulayıb.
A.İbrahimov deputat həmkarlarını və onların seçicilərini əlamətdar hadisə münasibətilə təbrik edib.
Daha sonra Ali Məclisin deputatları - Əmir Babayev, Ehtibar İsmayılov, Yeganə Məmmədova, Hacıfəxrəddin Səfərli, Ehtimad Məmmədov, Vüsalə Əliyeva və Asim Əliyev çıxış ediblər.
Çıxışlarda Azərbaycanda bütün sahələrdə əldə edilən yüksək göstəricilərin Ulu Öndər Heydər Əliyevin milli inkişaf modelinin uğurlu tətbiqinin nəticəsi olduğu, sosial-siyasi islahatların ardıcıl həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və digər bu kimi strateji tədbirlərin Azərbaycanın dinamik inkişafını təmin edən əsas faktorlar olduğu diqqətə çatdırılıb.
Bildirilib ki, Ümummilli Lideri müstəqil Azərbaycanın qurucusu, bugünkü uğurların müəllifi olmaqla bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiyaşarlığını təmin edən, ölkəmizi dünyada lider dövlətə çevirən, nəyin bahasına olursa-olsun dövlət müstəqilliyini qoruyub möhkəmləndirən qüdrətli varisi də yetişdirib. Bu gün Ulu Öndərin mənəvi-siyasi irsinin layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır.
Deputatlar Prezident İlham Əliyevin ümumxalq seçkilərində xalqın səsini qazanaraq dəfələrlə qalib gəldiyini, ölkə başçısı seçildiyi ilk gündən bu günə kimi verdiyi vədləri yerinə yetirdiyini, bununla da Azərbaycanı dünyanın güclü dövlətlərindən birinə çevirdiyini diqqətə çatdırıblar.
Qeyd olunub ki, xalq-iqtidar birliyinin yaranması, xalqın Prezidentinin ətrafında bir yumruq kimi birləşməsi bütün çətinliklərin öhdəsindən gəlinməsini şərtləndirdi. Ölkə başçısının həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanda söz, fikir azadlığı, güclü iqtisadiyyat, güclü ordu, əhalinin sosial rifahının yaxşılaşdırılması kimi mühüm məsələlər öz həllini tapıb.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclik və şanlı ordumuz qızıl hərflərlə Zəfər salnaməsi yazdı, 30 illik işğalçılıq siyasətinə son qoyuldu, ərazi bütövlüyümüz, tarixi ədalət bərpa olundu. Uğurla başa çatan antiterror tədbirləri ilə isə Azərbaycan bütün dünyaya öz gücünü bir daha nümayiş etdirdi, suverenliyimiz təmin olundu. Hazırda dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam etdirilir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında məskunlaşması prosesi həyata keçirilir.
Bildirilib ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində Azərbaycan bütün sahələrdə - iqtisadiyyat, müdafiə, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər istiqamətlərdə böyük uğurlara imza atıb. Buna görədir ki, ölkəmiz inkişaf dinamikasına görə dünyada lider dövlətlərdən biri kimi özünü təsdiqləyib. Hazırda ölkənin bütün bölgələri kimi Naxçıvan Muxtar Respublikası da dinamik inkişaf edir. Muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı 2023-2027-ci illəri əhatə edən dövlət proqramının qəbul olunması, Zəngəzur dəhlizinin açılması istiqamətində həyata keçirilən tədbirlər bunun əyani sübutudur.
Çıxışlarda deputatlar Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafının daha da sürətlənəcəyini, yeni-yeni uğurlara imza atılacağını vurğulayıb, təbriklərini çatdırıb, İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bəyanatına dəstək ifadə ediblər.
İclasda deputat Aidə Cəlilzadə İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bəyanatını oxuyub.
Bəyanat səsə qoyularaq qəbul edilib.