Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.
Senzor.az xatırladır ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.
1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib.
1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilib.
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmasına qərar verilib.
1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezident, həmçinin, Dövlət Bayrağı Günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib, dəyişikliyə əsasən, Dövlət Bayrağı Günü qeyri-iş günü hesab olunur.
2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı şəhərinin Bayıl ərazisində Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Bu gün Azərbaycan xalqı Dövlət Bayrağı Gününü xüsusi təmtəraqla qeyd edir. Belə ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələnib. Azərbaycan Ordusu 30 ildən sonra işğala son qoyub şanlı üçrəngli bayrağımız Qarabağda dalğalandırılıb.
Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlıda Azərbaycan bayrağının dalğalandırılması qəhrəman hərbçilərimizin Prezident İlham Əliyevə məruzəsi ilə birlikdə xalqımıza sevinc bəxş edib.
Azərbaycanın və Qarabağın incisi Şuşa şəhərində şanlı bayrağımızın qaldırılması 44 günlük müharibədə mütləq zəfər anlamına gəlib. Şanlı bayrağımız uzun illərdən sonra həmçinin Ağdamda, Kəlbəcərdə və Laçında, nəhayət Xankəndidə dalğalanıb.
Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan dövləti artıq öz bayrağının əzəmətli kölgəsi altında Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq və bərpa işlərinə start verib. Erməni vandalizminin məhv etdiyi yaşayış bölgələrini yenidən dirçəltmək üçün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında böyük işlər görülür. Bu gün Azərbaycan xalqı Qarabağ və Şərqi Zəngəzura yenidən dinc həyatın qayıdacağı günü səbrsizliklə gözləyir. Dövlət bayrağımızın dalğalandığı azad torpaqlarımızda firavan və əmin-amanlıq içində yaşayacağımız günlər uzaqda deyil!
Bayraq bir xalq üçün həm də onun şəhidlərinin, Vətən uğrunda gözünü qırpmadan canından keçənlərin nişanəsidir. Vətən müharibəsində Zəfərin də qeyd olunduğu bu günlərdə Müstəqil və Bütöv Azərbaycanın hər bir guşəsində dalğalanan dövlət bayrağımız bütün şəhidlərimizin əziz xatirəsini bizə xatırladır. Onlar məhz üçrəngli bayrağımızın Vətən səmalarında qürurla dalğalanması üçün canlarından keçiblər. Şəhidlərimizin müqəddəs əmanətinə sahib çıxmaq və hər zaman ehtiramla yanaşmaq bizim vəzifəmizdir!