Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə namizəd olacaq.
O, bu barədə Bakupost.az -a açıqlamasında bildirib.
Zahid Oruc qeyd edib ki, Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdə iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 300 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisədir: "100 il əvvəl qazi Mustafa Kamal Atatürk Qurtuluş savaşından sonra Cümhur Başkanı, Ulu Öndər Heydər Əliyev 1993-cü il Xilaskarlığı ilə Prezident seçilərək, yeni milli dövləti elan etdikləri kimi, 8 noyabr Zəfər və 20 sentyabr “Bütövlük günü”ndən sonra İlham Əliyev təkcə azad torpaqlarda deyil, bütöv Azərbaycanda Yeni - 4-cü Respublika quruculuğunu dünyaya bəyan edir.
Ermənilərin Qarabağı könüllü tərk etməsi ilə xalqımız çoxəsrlik tarixində ilk dəfə, seçkilərdə təkcə ölkəmizin deyil, bütün Qafqazda sülhü və təhlükəsizliyi müəyyən edir. Biz təkcə Birinci şəxsi seçmirik, həm də qalib Azərbaycanın Yeni Yüzilinə - Zəfər Əsrinə səs veririk!"
Z.Oruc qeyd edib ki, tarixdə bənzəri olmayan Böyük Qayıdışın taleyi də millətimizin mütəşəkkilliyindən asılıdır: "Biz elə etməliyik ki, 7 fevral tarixi Şanlı Ordumuzun Xankəndi yürüşünün davamı, azad torpaqlara qayıdan millətimizin paradı olsun. Ona görə də namizədliyimi öz təşəbbüsümlə irəli sürərək, qalib azərbaycanlıların “Ədalətin Zəfər çaldığı Azərbaycan” arzularına söykənir, seçkiləri yeni ideya və baxışlarımıızın Qələbə tribunasından təqdim edilməsi imkanı kimi dəyərləndiririk...”.