
Barselonada keçirilən nümayişlər iğtişaşlara və hüquq-mühafizə orqanları ilə toqquşmalara çevrilib. Etirazçılar küçələri dağıdıb, zibil qutularını yandırıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, gənclər zibil konteynerlərindən və motosikletlərdən barrikadalar quraraq onlara od vurublar. Əraziyə gələn polis əməkdaşları izdihamı dağıtmağa cəhd göstərsələr də, etirazçılar onları daşqalaq ediblər. Qeyd olunur ki, şəhərdə artan gərginlik səbəbindən yerli mağazalar fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
İğtişaş iştirakçılarının əksəriyyətinin gənclər və yeniyetmələr olduğu bildirilir. Onlar şənbə günü səbəbi bəlli olmayan icazəsiz mitinqə toplaşıblar.
Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşları izdihamı dağıtmağa müvəffəq olsalar da, etirazçıların kiçik qrupları Barselonanın mərkəzinə səpələnərək dağıntılar törətməkdə davam ediblər.