Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülüb.
Senzor.az bildirir ki, bu barədə qərar Böyük Azərbaycan Partiyası Siyasi Şurasının iclasında qəbul edilib.
Prezidentliyə namizədliyin irəli sürülməsi ilə bağlı sənədlər dekabrın 19-da Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.
Bununla da növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı 4-ə çatıb.
Xatırladaq ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.
Dekabrın 16-da isə Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisinin qərarı ilə partiya sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb. Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc da namizədliyini öz təşəbbüsü ilə irəli sürüb.
Onu da qeyd edək ki, növbədənkənar prezident seçkiləri 7 fevral 2024-cü ildə keçiriləcək.