Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçu İsmayılov Həsən Ümid oğlu ilə yanvarın 5-də Gəncədə dəfn edilib.
AZƏRTAC xəbər verir ki, Həsən İsmayılov Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, hərbiçilər, şəhər icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
İyirmi səkkiz yaşlı gizir ailəli idi. Onun iki övladı yadigar qalıb.
Xatırladaq ki, yanvarın 4-də Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.
**12:56
Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçu Axundov Səxavət Fərasət oğlu Xaçmazda dəfn edilib.
AZƏRTAC xəbər verir ki, şəhid Səxavət Axundov doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Sayad kəndində son mənzilə yola salınıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Kənd qəbiristanlığında torpağa tapşırılan şəhidin məzarı üstünə əklil və gül dəstələri qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan Bayrağı şəhidin atasına təqdim edilib.
Səxavət Axundov hərbi xidmətə 2022-ci ilin oktyabrında yollanıb. Bu ilin aprel ayında hərbi xidməti başa vuracaqdı. Qardaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.
Xatırladaq ki, yanvarın 4-də Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olub.
**12:14
Laçın rayonunda çətin relyefli dağlıq ərazidə ötən gün hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmayılov Həsən Ümid oğlu ilə Gəncədə vida mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, mərasim Həsən İsmayılovun Gəncə şəhərindəki evində keçirilir.
Vida mərasimində onun hərbçi yoldaşları, şəhər icra hakimiyyətinin rəhbərliyi və Gəncə şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Mərasimdən sonra Həsən İsmayılov Gəncənin Şəhidlər xiyabanında dəfn ediləcək.
İyirmi səkkiz yaşlı gizir Həsən İsmayıl oğlu ailəli idi. Onun iki övladı yadigar qalıb.