Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar bir sıra rəsmi şəxslər sözügedən xəstəxanaya baş çəkiblər.
Yerli KİV xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, baş prokuror Kamran Əliyev və səhiyyə naziri Teymur Musayev Respublika Perinatal Mərkəzinə gələrək hadisə yerinə baxış keçiriblər.
Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-pezident Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüb.
Xatırladaq ki, yanğın zamanı mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.
**13:28
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə hadisə yerindəyik. Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsinin istintaqı ölkə rəhbərliyinin nəzarətindədir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
“Faktla bağlı yanğın təhlükəsizliyi qaydalarının pozulması, səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olma maddələri ilə cinayət işi başlanılıb.
Hadisə gecə baş verib. Aidiyyəti qurumlara məlumat verilib və tədbirlər görülüb. Qısa müddət ərzində yanğın söndürülüb və digər şöbələrə yayılmasının qarşısı alınıb. Təəssüf ki, dörd körpənin həyatını xilas etmək mümkün olmayıb. Bütün hadisələri diqqətlə araşdırmaq üçün vaxt lazımdır. Təqsirli şəxsləri məsuliyyətə cəlb edilməsi tərəfimizdən təmin ediləcək", - deyə K.Əliyev bildirib.
**12:41
Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.
“İlkin məlumatlara görə, yanğında ölən uşaqlar yanıq xəsarətləri alıblar. Ekspertizanın rəyindən sonra onların ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq”, - deyə Baş prokuror qeyd edib.