Yanğına görə Kliniki Tibbi Mərkəzin (KTM) Yenidoğulmuşlar şöbəsinə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır.
Senzor.az xəbər verir ki, bunu KTM-in Yenidoğulmuşlar şöbəsinin uzman pediatr-neanotoloqu Aysel Qədimova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, şöbəyə 15 körpə gətirilib. Onlardan 6 nəfərin vəziyyəti ağırdır: "Bu körpələrin vaxtından əvvəl doğulması ilə əlaqədardır. Durumu ağır olan 6 körpədən 3-ü süni tənəffüs aparatına, digər 3-ü isə sipap aparatına qoşulub. Reanimasiyadan olan körpələrin yaxın zamanlarda palataya köçürülməsi nəzərdə tutulmur".
A.Qədimova bildirib ki, KTM-ə təxliyə olunan körpələrin heç birində yanıq xəsarətləri aşkarlanmayıb: "15 körpədən 6-sı qız, 9-u isə oğlandır".
**13:17
Ötən gecə Respublika Perinatal Mərkəzdə baş verən yanğına görə mərkəzdən təxliyə olunan 26 körpə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bunu KTM-in mətbuat katibi Ruzbeh Məmməd bildirib.
Məlumata görə, körpələrin vəziyyəti stabildir.
Qeyd edək ki, ötən gecə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.