Güclü qar səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda çətinliklər yaranıb.
Senzor.az bildirir ki, bu gün Şamaxıya yağmağa başlayan qar axşam saatlarında intensivləşib. Qarın yağması və havanın şaxtalı olması səbəbindən sözügedən avtomobil yolu buz bağlayıb, nəticədə 100 dən çox avtomobil yolda qalıb.
Qar avtomobil yolunun Muğanlı dolaylarında hərəkəti daha da keçilməz edib. Muğanlı-İsmayıllı, həmçinin Ağsu istiqamətində yollarda hərəkət çətinləşib. Yaranan tıxac səbəbindən avtomobillər sürüşərək bir-birinə dəyib.
Son məlumata görə, bir az əvvəl Şamaxı-Muğanlı yolunda avtomobillərin hərəkəti bərpa olunub. Bu, əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları və aidiyyəti qurumların xeyli sayda canlı qüvvəsi və texnikası cəlb ediləndən və müvafiq tədbirlər görüləndən sonra mümkün olub.
İsmayıllı yolunda isə vəziyyət ağır olaraq qalır. Hazırda həmin ərazidə də təxirəsalınmaz zəruri işlər həyata keçirilir.