Fevralın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Senzor.az xəbər verir ki, əvvəlcə iclasda 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibində dəyişikliklər edilib, həmçinin cari məsələlərə baxılıb.
Sonra çıxış edən MSK sədri Məzahir Pənahov seçki ilə bağlı bütün məsələlərin yekunlaşdığını diqqətə çatdırıb.
O, işğaldan azad edilmiş ərazilərdə səsvermə ilə bağlı məsələlərin yüksək səviyyədə təşkil edildiyini deyib.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov müddəti bitmiş şəxsiyyət vəsiqələri ilə bağlı məsələyə aydınlıq gətirib.
Bildirib ki, əgər hər hansı vətəndaşın şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitibsə, o, fevralın 7-də keçiriləcək prezident seçkisində öz səsvermə hüququndan istifadə edə bilər.
**16:46
Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitən Azərbaycan vətəndaşları prezident seçkilərində səsvermə hüququndan istifadə edə biləcəklər.
Senzor.az-ın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.
Onun sözlərinə görə, əgər hər hansı vətəndaşın şəxsiyyətin vəsiqəsinin etibarlılıq müddəti bitibsə, vaxtı keçmiş olsa belə, bu, həmin şəxsin kimliyini müəyyənləşdirmək üçün əsasdır: “Şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə belə, həmin vətəndaş o şəxsiyyət vəsiqəsi ilə gəlib səs verə bilər”.
MSK sədrinin müavini bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı hər hansı bir problem yoxdur: “Yeni nəsil şəxsiyyət vəsiqələri 2018-ci ildən verilir və 10 il müddətinə verilir. Etibarlılıq müddətin bitməsi problemi köhnə şəxsiyyət vəsiqələri ilə bağlı ola bilər”.