Ötən gün vəfat edən Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlı Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.
”Report” xəbər verir ki, mərhum öz vəsiyyətinə uyğun olaraq anasının məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimində mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, digər dövlət rəsmiləri, M.Süleymanlının ailə üzvləri, qələm dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərib.
Məlumata görə, əklil mərhum yazıçının məzarın üstünə qoyulub.
Bu gün Şamaxının Cümə məscidində Xalq yazıçısının vəfatı ilə bağlı ehsan süfrəsi açılacaq.
Qeyd edək ki, Mövlud Süleyman oğlu Balakişiyev 1943-cü il mаrtın 18-də Qərbi Azərbaycanda - Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. Ədəbi yaradıcılığa lirik şeirlərlə başlayan M.Süleymanlının "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Azərbaycan ədəbiyyatında daha çox nasir kimi şöhrət qazanan yazıçının “Qar”, “Yanğın”, “Şanapipik”, “Şeytan”, “Dəyirman” əsərlərindən ibarət “Ayın aydınlığında” (1979) kitabları vardır. M.Süleymanlının bir sıra əsərləri tamaşaya qoyulub (“Kökdən düşmüş piano”, “Dəyirman” və s.), ssenariləri əsasında filmlər (“Çətirimiz buludlardır”, “Bəyin oğurlanması” və s.) çəkilib.
Bir müddət əvvəl insult keçirən M.Süleymanlı fevralın 21-də axşam saatlarında vəfat edib.
**13:07
Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimi keçirilib.
Senzor.az xəbər verir ki, Xalq yazıçısı Mövlud Süleymanlı ilə vida mərasimi onun evində keçirilib.
Mərasimdə yazıçının ailə üzvləri, yaxınları, qələm dostları, ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.
Sonra mərhumun cənazəsi dəfn edilmək üçün Şamaxıya aparılıb.
Qeyd edək ki, Mövlud Süleymanlı fevralın 15-də insult keçirib və Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Yazıçı fevralın 21-də axşam saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.
Xatırladaq ki, Mövlud Süleymanlı öz vəsiyyətinə uyğun olaraq bu gün Şamaxıda anasının yanında dəfn ediləcək.
**10:27
Xalq yazıçısı Mövlud Süleymanlının dəfn olunacağı yer açıqlanıb.
Bu barədə Oxu.az-a mərhumun ailəsindən məlumat verilib.
Qeyd edilib ki, yazıçı vəsiyyətinə uyğun olaraq öz anasının yanında dəfn ediləcək: “Bizə vəsiyyət etmişdi ki, Şamaxıda anasının yanında dəfn edək. Vida mərasimi evdə olacaq”.
Xatırladaq ki, Xalq yazıçısı Mövlud Süleymanlı beyninə qansızma (insult) diaqnozu ilə bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. O, ötən gün vəfat edib.