Abşeron rayonu, Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qısa müddətdə söndürülüb.
Senzor.az FHN-ə istinadən bildirir ki, hadisə zamanı ondördmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində ikiotaqlı mənzildə yanğına səbəb olan partlayış dalğasının təsirindən mənzilin pəncərə çərçivələri yerindən çıxaraq binanın həyətində park edilmiş “Hyundai” markalı avtomobilə ziyan vurub, mənzilin giriş qapısının yerindən çıxması nəticəsində isə binanın sərnişin və yük liftlərinin qapıları deformasiyaya uğrayıb.
Yanğın nəticəsində mənzilin bir otağı 20 kv.m sahədə yanıb, yanğınsöndürənlər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış ev sahibi, 2000-ci il təvəllüdlü F.Həsənzadə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, 25 nəfər bina sakini təxliyə edilib.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

**00:36
Abşeron rayonu, Saray qəsəbəsində yerləşən çoxmənzilli yaşayış binasında baş verən partlayış nəticəsində mənzilin qapı və pəncərələri çərçivədən çıxaraq əraziyə düşüb və liftin şaxtası müəyyən qədər deformasiya olub.
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Mirfuad Mahmudov deyib.
Onun sözlərinə görə, yanğının ümumi sahəsi 40 kv.m olub.
“Mənzildə bir otağın 20 kv.m və dəhlizin 10 kv.m sahəsində yanğın olub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə zamanı binada olan sakinlər dərhal təxliyə olunub".
**23:29 (24.02.2024)
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsində mənzildə yanğınla nəticələnən partlayış olması barədə ilkin məlumat daxil olub.
Senzor.az FHN-ə istinadən bildirir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, eləcə də Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb ediliblər.
Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına da çağırış daxil olub. Dərhal hadisə yerinə 1 briqada cəlb olunub.
Hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü şəxs (qadın) Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Ona üzün, hər iki saidin, əlin 2 və 3-cü dərəcəli termiki yanığı diaqnozları qoyulub. Zəruri ilkin tibbi yardım edildikdən sonra isə xəstə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
Əlavə məlumat veriləcək.