Azərbaycan Ordusunun təlim zamanı açılan atəş nəticəsində həlak olan əsgəri Saleh Xələfovla vida mərasimi başa çatıb.
“Report” xəbər verir ki, Quba şəhərinin “Dəvədabanı” yaşayış massivində mərhumun ailəsinin yaşadığı evdə təşkil olunan vidada rəsmi şəxslər, əsgərin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
S.Xələfov Quba şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov əsgərin tabutuna bükülən üçrəngli Azərbaycan bayrağını mərhumun atası Kamal Xələfova təqdim edib.
**13:30
Təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğluna şəhid statusu veriləcək.
Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
O bildirib ki, şəhidlik statusunun verilməsi qərarı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həlak olanın xidmət keçdiyi hərbi hissə tərəfindən təqdim edilən müvafiq arayış əsasında verilir.
Qeyd edək ki, aprelin 5-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlunun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölüb. Fakt üzrə Qubadlı hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.
**12:23
Azərbaycan Ordusunun təlim zamanı açılan atəş nəticəsində həlak olan əsgəri Saleh Xələfovla vida mərasimi keçirilir.
“Report” xəbər verir ki, mərasim mərhumun ailəsinin yaşadığı Quba şəhərinin “Dəvədabanı” yaşayış massivində təşkil olunub.
Vidada rəsmi şəxslər, əsgərin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Mərasim başa çatandan sonra S.Xələfov Quba şəhər Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, 2005-ci il təvəllüdlü Xələfov Saleh Kamal oğlunun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində həlak olub.
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.
Xatırladaq ki, S.Xələfov Quba rayonunun Əlik kəndində anadan olub. Hərbi xidmətə ötən ilin oktyabr ayında yollanmışdı.