Şuşa Real Məktəbi ali təhsil və orta ixtisas səviyyəsində fəaliyyət göstərəcək təhsil müəssisəsi olacaq.
Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, planlamaya görə burada tədris 2026-cı ilin sentyabrında başlayacaq: "Məktəbdə təhsil istiqaməti əsasən incəsənət və mədəniyyət ixtisasları üzrə olacaq. Bura ümumi təhsil müəssisəsi formasında deyil, ali və orta ixtisas səviyyəsində fəaliyyət göstərən təhsil müəssisəsi olacaq".
E.Əmrullayevın sözlərinə görə, burada ali təhsil istiqamətində peşəkar kadr hazırlığı həyata keçiriləcək: "Şuşadakı bütün təhsil nüəssisələrinin, o cümlədən bu məktəbin bu və ya digər formada Qarabağ Universiteti ilə əlaqəsi olacaq. Filial və ya kollec formasında da ola bilər. İki ildən sonra Qarabağ Universitetinin fıaliyyətini qaydaya qoyduqdan sonra daha çox məlumat verə biləcəyik”.
**
Bakı Dövlət Universitetində (BDU) SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının ləğv olunması həmin ali təhsil müəssisəsində eyniadlı ixtisasın bağlanması demək deyil.
Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, SABAH qrupları ənənəvi olaraq həmişə bir ali təhsil müəssisəsində tədris olunub: "Bir ixtisas heç vaxt iki universitetdə tədris olunmayıb. SABAH qrupunun əsas fəlsəfəsi də ondan ibarətdir ki, tələbələri bir ali təhsil müəssisəsində toplayaq. Hesab edirəm ki, bu xəbər dünən lazım olduğundan artıq ajiotaj yaratdı".
"SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının BDU-da bağlanması həmin ali təhsil müəssisəsində eyni adlı ixtisasın bağlanması demək deyil. Təbii ki, orada hüquqşünaslıq ixtisasına qəbul davam edəcək. Qarabağ Universitetində SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının tədris olunmasına gəlincə, burada tələbələrə daha çox sosial güzəştlər verə bilirik. Bu səbəbdən SABAH qrupları üzrə hüquqşünaslıq ixtisasının Qarabağ Universitetində olması ilə əlçatanlığı təmin edə biləcəyik", - E.Əmrullayev əlavə edib.
**
Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII iclası keçirilib.
Yerli KİV xəbər verir ki, açılış nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq TDT-nin qısa müddət ərzində əldə etdiyi uğurların təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
Elm və Təhsil Nazirliyinin bu vacib proseslərə töhfə verməkdən məmnun olduğunu söyləyən Emin Əmrullayev türkdilli dövlətlər arasında dayanıqlı və sağlam əməkdaşlığın bünövrəsinin gənclər olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, bu baxımdan TDT çərçivəsində ümumi təhsil müəssisələri şagirdlərinin mübadiləsi məktəblilərimizin ortaq tarix, mədəniyyət və adət-ənənələri tanımasına şərait yaradır.
TDT-yə üzv dövlətlərlə həm təşkilat çərçivəsində, həm də ikitərəfli əməkdaşlıq əlaqələrinin bu gün də uğurla davam etdirildiyini bildirən Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə qardaş ölkələrin dəstəyi ilə tikilən məktəbləri, həmçinin görülən digər işləri ölkələrimiz arasında dostluq və qardaşlığın növbəti rəmzi kimi qiymətləndirib.
Nazir çıxışının yekununda TDT-yə üzv və müşahidəçi ölkələrlə ikitərəfli əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində qarşıda duran hədəflərə toxunub.
Daha sonra digər qonaqlar çıxış edərək elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məsələsindən söz açıblar.
Çıxışlardan sonra iclasın gündəliyində olan məsələlər müzakirə edilib.
**
Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin VIII İclası keçirilir.
Tədbirdə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Kongratbay Sharipov, Şimali Kipr Türk Respublikasının milli təhsil naziri Nazim Çavuşoğlu, Qırğız Respublikasının səfiri Kairat Osmanaliyev, YÖK Türkiyə Respublikasının Ali Təhsil Şurasının prezidenti Erol Özvar iştirak edir.
Bu gün həmçinin Türk Akademiyasının Elmi Şurasının VII iclası da olacaq.
İclaslarda TDT, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər.
Tədbirlər zamanı ölkələr arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.