Mərkəzi Seçki Komissiyası (MSK) sabah müxtəlif qurumlarla birlikdə maarifləndirmə tədbirlərinə başlayacaq.
Senzor.az xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında Komissiyanın sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, 2011-ci ildə prezident sərəncamına əsasən, Milli Fəaliyyət proqramı hazırlanmışdı: "Bu sənəddə üzərinə vəzifə qoyulan dövlət orqanları səlahiyyətlərini ciddi tənzimlədi. MSK da bu məsələdə geridə qalmır. Biz bütün seçkilərdə, hətta seçki olmayan vaxtda da maarifləndirmə tədbirlərini həyata keçiririk. Bu baxımdan, seçki prosesi ilə əlaqədar ilk maarifləndirmə tədbiri Ombudsman Aparatı ilə birlikdə keçiriləcək".
**
155 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
Senzor.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.
Məzahir Pənahov deyib ki, 156 nəfərin namizədliyi irəli sürülsə də, sonradan onlardan 1-i namizədliyini geri götürüb. Deputatlığa namzidliyi irəli sürülən 155 nəfərdən 71-nin namizədliyi təsdiqlənib, onlardan 43 nəfərə imza vərəqi verilib.
**
Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi partiyanın növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb.
Senzor.az xəbər verir ki, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə olunub. MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Azərbaycan Xalq Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının, Azərbaycan Milli Cəbhə Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Böyük Azərbaycan Partiyasının və Ağ Partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.
Qərar səsverməyə qoyularaq qəbul edilib.
Beləliklə ümumilikdə MSK 16 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.
**
İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri formalaşdırılıb.
Senzor.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 9-da keçirilən iclasında müzakirə aparılıb.
MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, azad olunmuş ərazilərdə 8 əlavə seçki məntəqəsinin yaradılması qərara alınıb.
“Beləliklə, parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək. Azad olunmuş ərazilərdə müvəqqəti seçki məntəqələri də yaradılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək” - R. Qasımov vurğuayıb.
Xatırladaq ki, 7 fevral prezident seçkiləri çərçivəsində azad edilmiş ərazilərdə 26 daimi, 21 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərmişdi.