İyulun 12-də Naxçıvan şəhərində “Referans” Klinik Laboratoriya və Poliklinika Mərkəzinin filialı istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mərkəzin fəaliyyəti ilə tanış olub.
Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində səhiyyənin inkişafı da diqqətdə saxlanılır. Sözügedən Dövlət Proqramında əhalinin keyfiyyətli tibb xidmətlərinə çıxışının yaxşılaşdırılması məqsədilə özəl tibb müəssisələrinin fəaliyyətə başlaması qarşıya məqsəd qoyulub. “Referans” Tibb Mərkəzi Naxçıvanda Dövlət Proqramının icrasına uyğun olaraq istifadəyə verilən ikinci özəl tibb müəssisəsidir.
“Referans” 2016-cı ildən etibarən laborator xidmətlər, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir. Naxçıvan Tibb Mərkəzi “Referans”ın, ümumilikdə, 29-cu filialıdır. Ölkənin və regionun ən yaxşı tibb mərkəzləri şəbəkəsinə çevrilən “Referans”ın filiallarında beynəlxalq standartlara cavab verən səhiyyə xidmətləri göstərilir. “Referans” Naxçıvan Tibb Mərkəzi də ən müasir avadanlıqlarla təchiz edilib, pasiyentlərin rahatlığı üçün beynəlxalq standarlara cavab verən tibbi protokollara uyğun qurulub. Burada peşəkar həkim komandası tərəfindən regionda mövcud olmayan bir sıra tibbi xidmətlər, o cümlədən 7 mindən çox laborator müayinə, maqnit-rezonans tomoqrafiya, terapiya, kardiologiya, qastroenterologiya, endokrinologiya, nevropatologiya, dermatologiya, mama-ginekologiya və perdiatriya sahələri üzrə tibbi xidmətlər göstəriləcək.