Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayışla bağlı məlumat yayıb.
Bu barədə Senzor.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, partlayış baş vermiş mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin meyiti aşkar edilib: "Mənzildə aşkar edilmiş döyüş tətbiqinə yararlı 3 ədəd 23 mm-lik mərmi Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb. Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.
**12:33
Sumqayıt şəhərində mənzildə partlayış nəticəsində 66 yaşlı şəxs ölüb, araşdırma aparılır.
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
**11:38
Sumqayıtda partlayış olub.
APA-nın xəbərinə görə, hadisə 8-ci mikrorayon ərazisində, 27 A ünvanındakı yaşayış binasında qeydə alınıb.
Orada olan bir nəfərin əlində qumbara partladığı və həmin şəxsin öldüyü bildirilir.