Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 konfransında iştirak məqsədilə paytaxta səfər edəcək minlərlə ziyarətçini hərtərəfli məlumat dəstəyi ilə təmin etmək üçün COP29 Məlumat mərkəzləri fəaliyyətə başlayıb.
Senzor.az bildirir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Qeyd olunub ki, yeni fəaliyyətə başlayan COP29 Məlumat mərkəzlərinin məqsədi konfransla bağlı sorğulardan tutmuş konfrans müddətində paytaxtda qonaqlama məsələlərinə kimi müxtəlif sualları əhatəli və dəqiq şəkildə cavablandırmaqdır. COP29 Məlumat mərkəzlərinin xüsusi təlim keçmiş işçiləri ətraflı məlumat təqdim etməklə yanaşı, tədbir iştirakçılarının aidiyyəti mövzularda düzgün istiqamətləndirilməsi və müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi xüsusunda da dəstək göstərəcəklər.
Ümumilikdə doqquz Məlumat Mərkəzi Bakı şəhərinin müxtəlif ərazilərində, əsasən də qonaqlama məkanları və nəqliyyat baxımından əlverişli nöqtələrdə yerləşir. Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində bu mərkəzlərdən yeddisi daha əvvəl şəhərin qonaqlarına xidmət göstərən mərkəzlərin bazasında, digər ikisi isə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunub.
Qeyd edək ki, məlumat əldə etmək üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən istifadəyə verilmiş *1029 qısa nömrəsi və canlı çat vasitəsilə COP29 Çağrı Mərkəzi ilə də əlaqə saxlamaq mümkündür.
COP29 Məlumat mərkəzlərinin ünvanı:
1. Nizami küçəsi, “Nərgiz” Ticarət Mərkəzinin arxası
2. Dənizkənarı Milli Park, “Park Bulvar” Ticarət Mərkəzinin arxası
3. Albert Aqarunov küçəsi
4. “Koroğlu” metrostansiyası (Bakı Stadionu tərəfinə çıxış)
5. Heydər Əliyev Sarayı
6. “Port Baku” Ticarət Mərkəzinin çıxışı
7. “Sea Breeze Resort” kompleksi
8. Heydər Əliyev Beynəlxalq Aeroportu – Terminal 1
9. Heydər Əliyev Beynəlxalq Aeroportu – Terminal 2
Məlumat mərkəzlərinin iş saatları:
Şəhər ərazisində: 10:00-19:00
Heydər Əliyev Beynəlxalq Aeroportu: 24/7