Qazaxıstanda Orta Asiyanın ən böyük məscidi olan Böyük Nur-Sultanın açılış mərasimi olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, mərasimdə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev də iştirak edib. Açılışdan sonra məsciddə cümə namazı qılınıb.
Təxminən 68 min kvadratmetr sahədə inşa edilən Böyük Nur-Sultan məscidinin insan tutumu 130 min nəfərdir. Orta Asiyanın ən böyük məscidi olması ilə yanaşı, dizayn və memarlıq baxımından da dünyanın ən böyük 10 məscidi sırasındadır.
Məsciddə İslam memarlığı ilə ənənəvi qazax motivlərini birləşdirən dizayn əsasında 25 milyon şüşə mozaika ilə hazırlanmış və Allahın 99 adının həkk olunduğu Qiblə divarı diqqəti çəkir.
Məscidin əsas çilçırağı da ölçüsünə və 1,5 milyon kristalına görə dünya rekorduna malikdir. Eyni zamandan məscid Hindistanda təqribən 5 min nəfərin əl işi olan oval naxışlı xalçası ilə ziyarətçiləri valeh edir.
Məscidin giriş qapısı da dünyanın ən hündür taxta qapılarından biri hesab olunur. O, Tropik Afrikada yetişən sərt iroko ağacından hazırlanmış əl işidir. Hündürlüyü 12,40 metr, çəkisi 1,5 tondur. Qapılar da qazax naxışları ilə bəzədilib.
Burada İslam Muzeyi, kitabxana, nikah salonu, Quran dərsləri kursları, konfrans zalı fəaliyyət göstərəcək.
Məscidin altında avtobuslar üçün xüsusi tunel və 405 avtomobil üçün dayanacaq tikilib.
Heç bir şübhə yoxdur ki, Böyük Nur-Sultan məscidi ölkənin yeni simvollarından birinə çevriləcək.