Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Qarabağ" - "Viktoriya" oyunu ilə bağlı vətəndaşlara müraciət edib.
Senzor.az-ın məlumatına görə, İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, azarkeşlər oyun keçirilən əraziyə gələrkən əsasən ictimai nəqliyyata üstünlük versələr, pis olmazdı: “Avqustun 17-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Azərbaycan çempionu "Qarabağ" Çexiyanın "Viktoriya" komandası ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də qarşılaşacaq. Əvvəlcədən doğma komandamız “Qarabağ” klubuna uğurlar arzurlayırıq.
Bildiyiniz kimi, Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki, ərazidə metronun “Gənclik” stansiyasının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızının oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərdən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər”.
“Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”, - o vurğulayıb.