Nəzərinizə çatdırmaq istərdik ki, bəzi abunəçilərimiz son zamanlar “Azercell Telekom” MMC adından saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq halları ilə qarşılaşmalı olur. Bundan əlavə, fırıldaqçıların şirkətimiz adından abunəçilər ilə əlaqə saxlaması, təklif olunan saxta nömrə ilə bağlı şəxsiyyət vəsiqəsi məlumatlarının ötürülməsi və ödənişin edilməsinə dair tələblərini irəli sürməsi hallarına da rast gəlinir. Müştərilərimizdən gələn müraciətlər əsasında “Azercell” şirkəti tərəfindən aparılmış yoxlamalar onu göstərir ki, saxta yolla göndərilən nömrənin abunəçi adına rəsmiləşdirilməsi ilə bağlı “Azercell” və ya şirkətin nömrə satışını həyata keçirən rəsmi dilerləri tərəfindən hər-hansı bir əməliyyat aparılmayıb.
Qeyd olunan xoşagəlməz halların “Azercell Telekom” ilə heç bir əlaqəsi olmadığını nəzərə alaraq zərər çəkmiş vətəndaşların hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilir. Həmçinin abunəçilərə vaxtaşırı SMS bildirişlərin göndərilməsi, eləcə də “Azercell”in rəsmi saytı və sosial şəbəkə səhifələrində məlumatların yerləşdirilməsi yolu ilə şirkətimiz tərəfindən maarifləndirmə tədbirləri həyata keçirilir.
Bütün yuxarıda sadalananları nəzərə alaraq, “Azercell” şirkəti abunəçilərini nömrə seçimi və sifarişi zamanı yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün əsas təhlükəsizlik tövsiyələrinə riayət etməyə çağırır.
Tanımadığınız şəxslər tərəfindən saxta yolla nömrə təklifi etmək və ya məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun. Naməlum şəxslərdən gələn zəng və ya SMS-lərdə əsasında ödənişlər etməyin. Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın. Eləcə də şübhəli məzmunlu internet saytlardan istifadə etməyin və orada keçirilən müxtəlif oyun, yarışma və sairlərdən yararlanmayın. Gələn sms, votsap mesajlarındakı şübhəli linklərə keçid etməyin və yeni nömrə əldə etmək məqsədilə yalnız “Azercell” şirkətinin rəsmi mənbələrindən istifadə edin.
Şirkətin rəsmi satış kanalı “www.azercellim.com” saytı, “Azercell Eksklüziv” mağazaları, eləcə də rəsmi diler şəbəkəsinin ünvanları və əlaqə nömrələridir.;
Abunəçilər linkdən (https://www.azercell.com/az/personal/azercell-stores.html) istifadə edərək “Azercell”in rəsmi dilerləri tərəfindən göndərilən nömrə təkliflərinin etibarlılığını yoxlamaq üçün nömrə siyahısını nəzərdən keçirə bilər.
Yarana biləcək hər-hansı sual ilə bağlı yalnız “Azercell”in rəsmi əlaqə vasitələrindən birinə: Online Müştəri Xidmətləri https://www.azercell.com/az/; “Azercell”in rəsmi feysbuk, tvitter və instaqramsəhifələri; “Azercell” Telefon Mərkəzi; Fakturalı Xətt Abunəçiləri: +994(012) 490-52-52 şəhər nömrəsi və ya “6565” qısa nömrəsinə; Fakturasız Xətt (SimSim) Abunəçiləri: +994(012) 490-49-49 şəhər nömrəsi və ya “2002” qısa nömrəsinə müraciət edin.