“Vaşinqton hesab edir ki, Ermənistanla Azərbaycan arasında uzunmüddətli hərtərəfli sülh üçün imkanlar hələ də qalmaqdadır".
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə günü gündəlik brifinqdə deyib.
“Uğursuzluqlara baxmayaraq, biz hələ də imkanları görürük və bunun tez bir proses olmayacağını həmişə başa düşmüşük. Mümkün olan hər şeyi etmək və Ermənistanla Azərbaycan arasında uzunmüddətli hərtərəfli sülhə kömək etmək üçün çalışırıq", - deyə N.Prays Qarabağda nizamlanmanın perspektivləri və ABŞ-ın rolu barədə Turan-ın sualını cavablandırarkən bildirib.
"İnanırıq ki, daimi dialoq, daimi qarşılıqlı fəaliyyət, o cümlədən yüksək səviyyədə bu məqsədə nail olmağa kömək edə bilərik", - o əlavə edib.
O xatırladıb ki, bu yaxınlarda dövlət katibi Blinkenin həm erməni, həm də azərbaycanlı liderlərlə ünsiyyət qurmaq imkanı olub.
"Biz bu yaxınlarda Qarabağda baş vermiş hərbi əməliyyatlardan və bunun nəticəsində qurbanların olmasından dərin narahatlığımızı ifadə etdik. Onları gərginliyin səngiməsi və gələcək eskalasiyanın qarşısının alınması üçün təcili tədbirlər görməyə çağırdıq",- o davam edib.
ABŞ hesab edir ki, bu yaxınlarda gərginliyin artması Qarabağ münaqişəsilə bağlı və ya ondan irəli gələn bütün digər məsələlərin razılaşdırılmış, hərtərəfli və davamlı həllinin vacibliyindən xəbər verir.
“Zorakılığa çevrilmiş gərginliyin artmasına baxmayaraq, biz uzunmüddətli və hərtərəfli münaqişənin həllinə kömək etmək üçün həm ikitərəfli əsasda, həm Avropa İttifaqındakı tərəfdaşlarla, həm də ATƏT-in Minsk Qrupu çərçivəsində tərəflərlə işləməyə davam edəcəyik”, - Prays deyib.