Almaniya sakinlərinin 60 faizindən çoxu AFR Kansleri Olaf Şoltsun və hakim koalisiyanın işindən narazıdır.
Senzor.az bildirir ki, bu, “Bild am Sonntag“qəzetinin sifarişi ilə INSA sosiologiya institutunun keçirdiyi rəy sorğusunun nəticələrindən sonra məlum olub.
Avqustun 19-da keçirilmiş sorğuda 1002 nəfər iştirak edib. Onların 62 faizi Şoltsun hökumət başçısı kimi yürütdüyü siyasətdən narazılığını ifadə edib. Respondentlərin yalnız 25 faizi əks fikir söyləyib. Bununla yanaşı, sosioloqlar aydınlaşdırıblar ki, Kansler seçkisi indi keçirilsəydi, Olaf Şolts yalnız üçüncü yeri tutardı. O cümlədən almanların 25 faizi vitse-kansler, iqtisadiyyat və iqlimin mühafizəsi işləri üzrə nazir Robert Habekə (“yaşıllar”), 19 faizi müxalif Xristian-demokratik ittifaqının sədri Fridrix Mertsə səs verərdi. Hazırkı kansler isə 18 faiz səslə sonrakı yeri tuta bilərdi.
Qəzet yazır ki, Aşağı Saksoniya federal əyalətində oktyabrın 9-na təyin olunmuş seçkilər Olaf Şolts üçün həlledici əhəmiyyətə malikdir. Əgər əyalətin hazırkı Baş naziri Ştefan Vayl öz postunu qoruya bilməsə, partiyanın vəziyyəti daha da mürəkkəbləşəcək.
Sorğunun nəticələri göstərir ki, federal hökumətin nüfuzu da aşağı düşməkdə davam edir. Hazırda Almaniya sakinlərinin 65 faizi onun işindən razı deyil. Hökumətin fəaliyyəti sorğu iştirakçılarının cəmi 27 faizini qane edir.
Qəzet xatırladır ki, martın əvvəllərində keçirilmiş analoji sorğuda almanların 46 faizi Olaf Şoltsun işindən razı qaldığını bildirmiş, narazıların sayı isə 39 faiz təşkil etmişdi. Hakim koalisiyaya gəldikdə, o vaxt rəyi soruşulanların 44 faizi onun işini yüksək qiymətləndirmiş, 43 faizi əks rəy bildirmişdi.
Hazırda Olaf Şoltsun əhali arasında populyarlığı xeyli aşağıdır. Analitiklər bunun səbəbini, ilk növbədə, Kanslerin Ukrayna məsələsi ilə bağlı yürütdüyü siyasətdə görürlər.