"Mehnur" loqopedik reabilitasiya mərkəzinin direktoru saxlanılıb.
APA xəbər verir ki, direktor Nuranə Hacızadə artıq Nizami Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə yerləşdirilib.
Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov və müavini Elçin Şirinov direktora və mərkəzin daha iki əməkdaşına baş çəkiblər.
Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.
Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıblar. Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.
Onu da xatırladaq ki, “Qaynarinfo” sözügedən mərkəzlə bağlı araşdırma aparıb. Məlum olub ki, “Mehnur” Reabilitasiya Mərkəzinin rəhbəri Nuranə Hacızadə defektoloq-loqopeddir.
Nuranə Hacızadə bu mərkəzin adını Mahirə və Nuranə adının birləşməsindən götürüb. Mahirə Nuranə Hacızadənin anasıdır. Mərkəzin açılışı 2018-ci ilin yanvar ayında baş olub.
Açılış mərasimində məşhurlar iştirak ediblər. Nuranə Hacızadə mərkəzin açılışından sonra defektoloq-loqoped kimi daha da məşhurlaşıb. O, bir sıra televiziya kanallarında çıxışlar da edib.
Əslən Naxçıvanlı olan Nuranə Hacızadənin anasının yüksək vəzifədə çalışdığı deyilir.