"Ötən gün qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır".
Senzor.az bildirir ki, bu barədə KİV-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
"Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin", - Mətbuat Xidmətindən qeyd edilib.
Xatırladaq ki, Sənan Əhmədov iki gün əvvəl verdiyi açıqlamada şəhid qardaşı Səbuhi Əhmədovdan “Komando” xüsusi briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alındığını iddia edib. O, qardaşının həmin pulu bankdan kreditə götürdüyünü bildirib.
Bundan sonra Müdafiə Nazirliyinin ötən gün yaydığı məlumatda bildirilib ki, Sənan Əhmədovla Nazirlikdə görüş təşkil edilib. Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Qeyd edilib ki, müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı MN tərəfindən araşdırma aparılır.
Daha sonra isə Sənan Əhmədov qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunması məsələsi ilə bağlı yeni açıqlama verib. Şəhid qardaşı sözügedən 6 min manatın vəzifə dəyişikliyinə aidiyyətinin olmadığını bildirib.