Bu günlərdə “İmza” nəşriyyatında yazıçı Nurəddin Ədiloğlunun “Qaçaq Mozu” adlı yeni romanı işıq üzü görüb.
Bir nasir kimi müəllifin ilk dəfə oxucular və ədəbi ictimaiyyət tərəfindən təqdir olunması onun “Azərnur” (1994) roman-pritçası ilə bağlıdır. Yazıçının bədii yaradıcılığının ana xəttini təşkil edən milli-mənəvi dəyərlər, yurd sevgisi, el-obanın etnoqrafik yaddaşı, dini və mifoloji təsəvvürlər, zülmə, haqsızlığa qarşı mübarizə oxuculara təqdim olunan yeni romanının da başlıca mövzusudur. Məlum olduğu kimi, qaçaqlıq tarix boyu bir çox ölkələrdə cəmiyyətdən uzaqlaşdırılmış və qanuna tabe olmayan kəndli hərəkatının geniş yayılmış formalarından biri olub. Azərbaycanda da qaçaq hərəkatı müstəmləkə, feodal zülmünə, eləcə də sovet rejiminə qarşı milli-azadlıq hərəkatının bariz nümunəsidir. Ötən əsrin 30 - cu illərinin qaçaqlarının çoxu kütləvi repressiya dalğasının qurbanlarından sayılır.
“Qaçaq Mozu” romanının da mövzusu otuzuncu illərindən başlayaraq doxsanıncı illərin Gəncə hadisələrinə qədər böyük bir dövrü əhatə edir. Müəllif romanda təsvir elədiyi bu zaman kəsiyində qaçaqlarla yanaşı ruhani, müəllim, məmur, qəzet redaktoru, xanəndə, sürgün həyatı yaşayan general, yeniyetmə uşaq, çoban və başqa insanların obrazlarını yaradıb. Yazıçının bu əsərini İkinci Cahan müharibəsinə kimi Azərbaycanın cənub bögəsində qacaqlıq hərakatından bəhs edən ilk romanı da adlandırmaq olar.
Öz ömrünü sovet rejiminə qarşı mübarizədə keçirən XX əsrin otuzuncu illərinin qaçaqlarının obarazlarına demək olar ki, ədəbiyyatda çox az təsadüf olunur (professor Füzuli Bayat). Zaman və məkan bir-birindən çox fərqli olsa da, “Qaçaq Mozu” əsərində canlandırılan hadisələr, tarixi simaların və sadə insanların taleləri roman içində roman kimi oxunur. Kitab bu günlərdə 4-cü Milli Kitab və 8-ci Beynəlxalq Kitab sərgilərində nümyiş etdirilib. Ümid edirik ki, müəllifin yeni romanı oxucular tərəfindən də maraqla qarşılacanaq.
Gülmirə RAMAZANqızı