ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfərini başa vurub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ABŞ liderini Ər-Riyad hava limanında Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman yola salıb.
Tramp yanvar ayında dövlət başçısı postuna yenidən gəldikdən sonra ilk dövlət səfərini etdiyi Səudiyyə Ərəbistanından Qətərə yola düşüb.
ABŞ Prezidentinin aeroportda Məhəmməd bin Salman tərəfindən yola salınmasını əks etdirən görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. Belə ki, tərəflər arasında səmimi sağollaşma jestləri diqqət çəkib.
Onu da xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şara arasında görüş olub. Ərdoğan Ər-Riyadda keçirilən bu görüşə telefon bağlantısı ilə qoşulub.
**
Trampı salamlayarkən Əmir Əl Tani deyib: "Biz hamımız regionda sülh istəyirik və ümid edirik ki, bu dəfə buna nail olunacaq... Mən bilirəm ki, siz sülh tərəfdarısınız və sülh gətirmək istəyirsiniz. Biz bu məqsədə çatmaq üçün, təkcə bizim regionda deyil, həm də Rusiya və Ukrayna da daxil olmaqla digər bölgələrdə də birgə çalışa bilərik."
Əvvəlcədən bildirildiyi kimi, Dohada keçiriləcək danışıqlarda əsas müzakirə mövzusu Qəzzadakı vəziyyət və HƏMAS təşkilatı tərəfindən saxlanılan girovların azad olunması yolları olacaq. Tramp həmçinin ABŞ ilə Qətər arasında ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə etməyi planlaşdırır.