Kimdir əsl demokrat? - BİR DAHA TÜRKİYƏDƏKİ PREZİDENT SEÇKİLƏRİ HAQDA
ELÇİN ALIOĞLUNUN YAZISI

Demokratiya özünü demokrat adlandıran siyasət dəllallarının yox, xalqın hakimiyyəti olduğundan Ərdoğana qarşı iddialarla çıxış edənlərin özlərinin kim olduqları maraqlı məsələdir

 

Türkiyə tarixində ilk dəfə olaraq iki turda keçirilən prezident seçkilərində dövlət başçısını seçdi. Ümumiyyətlə isə, qardaş ölkənin vətəndaşları artıq üçüncü dəfə idi ki, birbaşa seçkilər vasitəsilə dövlət başçısı postuna seçim edirdilər.

 

2017-ci ildə Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və başçılığı ilə keçirilmiş islahatlara qədər Türkiyədə prezident indi malik olduğu səlahiyyətlərə sahib deyildi.

 

Seçkilərin ikinci turunun nəticələrinə gəldikdə isə, Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasının elektoratının əvvəlki səsvermələrlə müqayisədə bir qədər az olduğu iddia olunur. Lakin belə deyil.

 

Kollektiv Qərbin bütün səylərinə, Cumhuriyyət Xalq Partiyasının sədri, "Cumhur İttifaqı"nın lideri və ölkə müxalifətinin prezident seçkilərinə çıxardığı vahid namizəd Kamal Kılıcdaroğluya verdiyi total dəstəyə rəğmən, kiçik şəhərlərin və kəndlərin sakinlərindən tutmuş, böyük şəhərlərdəki elektoratın əhəmiyyətli qismi Ərdoğana səs verdi.

 

Qərbin Ərdoğana qarşı qurduğu ssenarilər, daha dəqiq olsaq, Türkiyəyə qarşı yönəlmiş seçki strategiyasında ekspertlər nədənsə qardaş ölkədə "şəhərlə kəndin münaqişəsi" olduğunu düşünürdülər. Qərbli analitiklər hesab edirdilər ki, patriarxal, dindar və adət-ənənələrə ifrat sadiq kəndlə inkişaf etmiş, meqapolis ruhundakı şəhərlər var.

 

Halbuki bu, çox böyük səhv idi.

 

Türkiyədə sözün trivial mənasında patriarxal, "törə" qaydaları, köhnə adət-ənənələrlə idarə olunan kəndlər praktiki olaraq qalmayıb. Ölkə sakinlərinin faktiki olaraq hamısı şəhər camaatı sayıla bilər.

 

Türkiyədə seçicilər arasındakı bölgü başqa, fərqlidir.

 

Hələ 20-ci əsrdən bəri şəhərdə yaşayan adamlarla son 20-30 il ərzində şəhər sakinləri olmuş insanlar var. Onu da unutmayaq ki, məhz Ərdoğanın dönəmində Türkiyədə cəmiyyətin sürətli modernləşməsi və urbanizasiyası başlamışdı. Prinsip etibarilə məhz Ərdoğanın yürütdüyü siyasət ölkə sakinlərinin təqribən 70 faizi üçün belə imkanlar yaratmışdı.

 

Və həmin insanlar 20-ci əsrdə ölkədə yaşanan siyasi proseslərə fəal təsir imkanlarından demək olar ki, məhrum idilər. Söz yox, onların kağız üzərində bütün hüquqları vardı, seçkilərə qatılırdılar, səs verirdilər - lakin Türkiyənin siyasi sistemi elə qurulmuşdu ki, bu insanları siyasi baxımdan heç bir qüvvə təmsil etmirdi.

 

Səbəb Ərdoğanın iqtidarına qədər Türkiyədə qərinələr boyu hökm sürmüş sərt, kəskin və aqressiv sekulyar siyasət idi. Həmin siyasət ordunun fasiləsiz olaraq daxili siyasətə kobud müdaxilələrini ehtiva edirdi.

 

Daha konkret olsaq, Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gələnədək dindarların və ümumiyyətlə, fəqrli düşünənlərin təqib olunması adi, hətta gərəkli prosedurlar hesab olunurdu. Az qala bütün iqtidarlar, hakimiyyət koalisiyaları və özlərini "demokrat, dünyəvi və tolerant" adlandıran siyasətçilər nədənsə hesab edirdilər ki, ölkə əyalətlərinin sakinlərinin, xüsusilə də kəndlilərin məhrum olmaq istəmədikləri dini ənənələr ölkəni geriyə, feodalizmə, Osmanlı İmperiyasına aparır. Yəni dindarların mövqeləri zülmət, xurafat və gerilikdir.

 

Özlərini "demokrat və dünyəvi" sayan siyasətçilərlə siyasi qüvvələr özlərini Avropaya meyilli, Qərbpərəst adlandırsalar da, onların Qərb barədə və Qərbin dəyərləri barədə təsəvvürləri yetərincə əcaib, paradoksaldı.

 

Belə ki, ötən əsrdə Türkiyəni idarə etmiş siyasi elitalar özlərini "avropalı düşüncəsinə malik insanlar" sayırdılar. Amma onların demokratiya barədə təsəvvürləri Qərbdə demokratiya haqqındakı prinsiplərdən tam fərqli idi.

 

Türkiyədəki "demokrat"lar üçün demokratiya xalqın hakimiyyəti yox, özlərini demokrat adlandıranların hakimiyyəti idi.

 

Bu adamların vətəndaş azadlıqları, siyasi hüquqlar və ümumiyyətlə, liberal iqtisadiyyat prinsipləri barədə yetərincə qəribə təsəvvürləri vardı. Hələ ötən əsrin ortalarında dindarların absurd təqiblərinə qarşı etiraz cəhdləri olsa da, Türkiyə vətəndaşlarının genişmiqyaslı vətəndaş və siyasi hüquqları məhz Ərdoğanın iqtidara gəlişindən sonra təmin olunmağa başlandı.

 

Məsələn, 1941-ci ildən etibarən Türkiyədə azanın türk dilində oxunması məcburi sayıldı: halbuki, İslamda bu, ağlagəlməz dərəcədə paradoksdur.

 

Türkiyə vətəndaşlarına demokratiya ilə pərdələnmiş əyalət millətçiliyi və aqressiv sekulyarizm belə tətbiq olunurdu. Bəzən iş genişmişyaslı təqiblərə yüksəlirdi və bu, ölkənin "məcburi Qərbləşməsi" kimi təqdim olunurdu.

 

Halbuki özlərini "demokrat, Qərb dəyərlərinin daşıyıcıları" adlandıran şəxslər unudurdular ki, demokratiyanın təməl prinsipləri azadlıq, rəqabət, plüralizm, qanunlara tam riayətdir.

 

Türkiyədə məhz bu səbəbdən indi "elmi İslam" adlanan cərəyan yarandı, dindarlar öz hüquqlarını təmin və müdafiə etmək üçün liberal-mühafizəkarlara üz tutmağa çalışdılar. Lakin hansısa siyasətçi və ya siyasi qüvvə cəmiyyətdəki naqis təmayüllərə qarşı mübarizə aparmağa çalışan kimi Silahlı Qüvvələr işə qarışırdılar.

 

Türkiyədəki bir neçə hərbi çevrilişin səbəbi də məhz generalların daxili siyasətə və ölkə idarəetməsinə müdaxiləsi idi. Bu təhlükəli model yalnız Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsindən sonra işləkliyini itirdi.

 

Baş nazir Rəcəb Tayyib Ərdoğan iqtidar rıçaqlarını əldə edəndən sonra vətəndaşların təməl hüquqlarını təmin etməyə başladı, dindarların qanunsuz təqiblərinə son qoydu və nəticədə əyalət Türkiyəsinin, kənd sakinlərinin sosial liftlər əldə etmək imkanları yarandı. Özəlləşdirmə, islahatlar və insan haqlarının təminatı sayəsində Türkiyə tarixində ən böyük irəliləyişə nail olaraq məhz iqtisadi və siyasi liberallaşmaya doğru inkişafa başladı.

 

Ərdoğan və onun partiyası sağçılar, kapitalizm prinsiplərinin tərəfdarları, AKP-nin rəqibi CHP və bu partiyanın sədri Kamal Kılıcdaroğlu solçu-demokratlar hesab edilsələr də, belə deyil. Çünki məhz Ərdoğan iqtisadiyyatda dövlət idarəetməsinin və planlaşdırma taktikasının zəiflədilərək özəl təşəbbüslərin genişlənməsinə, kiçik və orta sahibkarlığın tam dəstəklənməsinə, iri holdinqlərin vətəndaşların maraqlarından və cəmiyyətin mənafelərindən çıxış etməsinə çalışır.

 

Son seçkilər bəhs etdiyimiz situasiyanı riyazi dəqiqliklə göstərdi.

 

Kamal Kılıcdaroğlunu hakimiyyətə gətirmək üçün Cumhuriyyət Xalq Partiyası (CHP), Səadət Partiyası, Demokrat Partiyası, Demokratiya və Tərəqqi Partiyası, habelə Gələcək Partiyasından ibarət "Altılı masa" adlanan koalisiyanın kürdlərin terrorçu PKK təşkilatının siyasi qanadı olan "Xalqların Azadlıq Partiyası" (HDP) tərəfindən tam dəstəklənməsi belə, Qərbin idarə etdiyi müxalifətin planlarının reallaşmasına imkan vermədi. 

Qərb və onun Türkiyədəki marionetləri hələ də anlamırlar ki, son 30 ildə ölkə ilə cəmiyyət tam dəyişib. Kılıcdaroğlunun daxili siyasi arenanın ən müxtəlif guşələrində bərqərar olan, tam fərqli mövqe tutan siyasi qüvvələrə xitab edərək onları tərəfinə çəkməsi də saxta "atatürkçü"lərlə psevdodünyəviçilərin mövqelərinin dedikləri kimi, səbatlı olmadığını göstərir.

 

Məhz bu səbəbdən Kamal Kılıcdaroğlu son aylardakı ritorikasında dindarlara qarşı təhqirlərdən və hədələrdən əl çəkdi. O, hətta hicab və baş örtüyü məsələlərində indiyədək tutduğu aqressiv mövqeyə görə üzr də istəyərək vətəndaşlardan "halallıq" istədi.

 

Bu da azmış kimi, Kılıcdaroğlu onillər boyu uzaq durduğu "islamçı" siyasi təşkilatlarla koalisiya və tərəfdaşlıq strukturları qurmağa da çalışdı.

 

Halbuki 20-ci əsr boyu Türkiyə siyasətində ən ciddi, bilərəkdən çözülməyən problemlərə çevrilmiş nöqsanlarla yolveriliməz çatışmazlıqları məhz AKP-nin iqtidarı, Ərdoğanın siyasəti həll edərək nizamladı.

 

Kamal Kılıcdaroğlu, onun tərəfdarları ilə yanaşı, Qərb siyasətində və xüsusilə də mediasında artıq meynstirmə çevrilmiş "Ərdoğan və onun başçılıq etdiyi AKP islamçılardır, Kılıcdaroğlu və CHP isə demokratlar, modern insanlar" narrativinə gəldikdə isə, bu iddialar yalnız acı gülüş doğura bilər.

 

Rəcəb Tayyib Ərdoğan onillər boyu Türkiyə siyasətinin məhrum olduğu azadlığı və liberallaşmanı ölkəyə bəxş etdi. Onun hakimiyyətə gəlişinədək Türkiyəni faktiki olaraq eyni, homogen siyasi elita idarə etdirdi. Hakimiyyətə başqa, fərqli, yeni qüvvənin gəlişi ilə bağlı imkanlar yaranan kimi ordu işə qarışır, generallar hərbi çevrilişlər edir, yeni qüvvəni "siyasi məhdudiyyət"ə məhrum edir, sonra kənara çəkilir və meydanı yenidən əvvəlki, dünyəvilik və sekulyarlıq adı ilə siyasəti inhisarlaşdıran, əslində Qərbin bütün təlimatları və əmrlərini kor-koranə şəkildə, sözsüz yerinə yetirərək sabit paradiqma çərçivəsində davranan qüvvələrə verirdi.

 

Ərdoğan isə ölkə vətəndaşlarının tam əksəriyyətinin siyasi, mədəni, sosial və ən başlıcası, iqtisadi hüquqlarını təmin etdi.

 

Ən əsası isə odur ki, AKP hakimiyyəti ölkədəki kiçik və orta sahibkarları, osmanlı türklərinin "esnaf" dedikləri insanları müdafiə etdi.

 

Məhz bu kiçik burjuaziya Türkiyə iqtisadiyyatırın bel sütunu olmaqla yanaşı, ölkəni diktaturadan və avtoritarizmdən qoruyan əsas qüvvədir. Hazırda ölkə iqtisadiyyatının təqribən 70 faizi kiçik sahibkarlar olduğundan, onlar seçkilər vasitəsilə siyasi həyata aktiv təsir edirlər.

 

Bu əladır, çünki Türkiyədə seçkilər praktiki olaraq fasiləsiz keçirilir. Prezident, parlament, bələdiyyə, muxtar və s. seçimləri real səsvermələr, insanların siyasi fəallığının göstəricisidir.

 

Ərdoğan necə "avtoritar" ola bilər ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) ən müxtəlif partiyalar təmsil olunub, ölkə paytaxtı ilə yanaşı, bir sıra iri şəhərlərin merləri müxalifət mənsublarıdır?!

 

Kamal Kılıcdaroğlu hansı "diktatura"dan bəhs edirdi ki, ölkədəki kiçik şəhərlərin bələdiyyə sədrləri CHP və AKP-yə kəskin müxalif partiyaların funksionerləridir, bir şəhərin bələdiyyə sədri isə ümumiyyətlə, kommunistdir?!

 

2017-ci ildə keçirilən, ölkəni parlament respublikasından prezident respublikasına çevirən Konstitusiya islahatlarına gəldikdə isə, bu, əsl siyasi pluralizmin nümayişi oldu. Ərdoğan prezident hakimiyyətini  möhkəmləndirməklə Türkiyəni onillər boyu silkələmiş siyasi böhranlardan, formalaşan hakimiyyət koalisiyalarının dağılması nəticəsində qaçılmaz hal alan çoxsaylı növbədənkənar seçkilərdən, xaosdan və qarşıdurmalardan qurtardı. 

Ərdoğanın səlahiyyətləri də, Kılıcdaroğlunun və onu dəstəkləyən Qərb mediasının iddialarının tam əksinə olaraq, hüdudsuz deyil. Türkiyədə prezident hakimiyyət qolları üzərində durmur, sadəcə, ABŞ-da olduğu kimi, hökumətə rəhbərlik edir.

 

Özü də onun hakimiyyət strategiyası K.Kılıcdaroğlunun ifrat sərt, yakobinçi sekulyarizmindən fərqli olaraq, britan sekulyarizmini xatırladır və bu, çox yaxşıdır.

 

Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən sonra Türkiyə iqtisadiyyatında yeni sektorlar və sahələr yaranaraq sürətlə inkişaf etdi, tam yeni, daxili bazara istiqamətlənsə də, ixrac potensialını sürətlə artıran biznes-elita formalaşdı.

 

Türkiyənin çağdaş hərbi-sənaye kompleksi, avtomobil sənayesi, yeni geosiyasi uğurları məhz Ərdoğanın yürütdüyü siyasətin nəticəsidir.

 

Ölkədəki indiki bahalaşma, inflyasiya və iqtisadi-madliyyə problemlərinə gəldikdə isə, durumun çoxsaylı səbəbləri var ki, AKP-ni və Ərdoğanı tənqid edənlər həmin  amilləri qəsdən, bilərəkdən nəzərə almırlar.

 

2015-ci ildə başlayan staqnasiya, sonra dövlət çevrilişi cəhdi, Qərbin Ankaraya sərt təzyiq göstərmək məqsədilə türk lirəsinə maliyyə bazarlarında hücumu, investorların qarşısının alınması, Suriyada müharibə, İŞİD-lə mübarizə, PKK terroruna qarşı antiterror əməliyyatları, ölkə ərazisində törədilən terror aktları, Türkiyənin qəbul etdiyi yüz minlərlə qaçqın və mühacir, sonda da COVİD-19 koronavirusunun yaratdığı qlobal iqtisadi böhranın ölkə iqtisadiyyatına mənfi təsirləri...

 

Obyektivlikdən bəhs etdiriksə, bütün bunlar əsla qulaqardına vurula bilməz.

 

AKP iqtidarının illərdən bəri reallaşdırdığı nəhəng infrastruktur layihələrini, inşa olunan hava limanlarını, körpüləri, yolları və s.-ni müxalifət "reklam üçün edilir, Ərdoğanın təbliğatı üçün reallaşdırılır" kimi dəyərləndirir.

 

Halbuki həmin layihələrin reallaşmasının nəticələrindən AKP rəhbərliyi və Rəcəb Tayyib Ərdoğan yox, Türkiyə vətəndaşları bəhrələnirlər.

 

Yaxın 5 ildə Ərdoğanı çətin problemlərin asan olmayan həll axtarışları gözləyir.

 

Lakin istənilən halda o, çətinlikləri dəf edəcək.

 

Sadəcə, populizm, demaqogiya və tənqidçiliklə məşğul olanlardan fərqli olaraq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.