Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri vəzifəsinə İbrahim Kalının namizədliyi təsdiqlənib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, İbrahim Kalının MİT rəhbəri təyin olunacağı barədə məlumat Nazirlər Kabinetinin yeni tərkibi elan edilərkən mediaya sızdırılmışdı.
Xatırladaq ki, İbrahim Kalın 1971-ci ildə İstanbulda dünyaya gəlib. 1992-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölməsində bakalavr təhsilini tamamlayıb. Malayziyada İslam düşüncəsi və fəlsəfəsi üzrə magistr təhsilini başa vurub. O, 2002-ci ildə Corc Vaşinqton Universitetində “Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü” adlı dissertasiya işi ilə humanitar elmlər və müqayisəli fəlsəfə üzrə doktorluq dərəcəsi alıb.
Türkiyə Diyanət Vəqfinin İslam Araşdırmaları Mərkəzində akademik araşdırmalar aparıb. O, Müqəddəs Xaç Kollecində, Corctaun Universitetində və Bilkənd Universitetində İslam düşüncəsi və İslam-Qərb münasibətləri mövzusunda mühazirələr oxuyub.
2005-2009-cu illərdə Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun qurucu sədri olub. 2007-ci ildə onun "İslam və Qərb" adlı kitabı nəşr olunub. Bu əsəri ilə Türkiyə Yazarlar Birliyinin İdeya Mükafatını qazanıb. Makmillan Fəlsəfə Ensiklopediyası, Din Ensiklopediyası və Oksford İslam Lüğəti kimi ensiklopediyalara töhfə verib. Onun 2014-cü ildə “Ağıl və fəzilət”, 2015-ci ildə “Varlıq və idrak”, 2016-cı ildə isə “Mən, başqası və ondan kənar: İslam-Qərb münasibətləri tarixinə giriş” adlı kitabları nəşr olunub.
2011-ci ildə Əhməd Yəsəvi Universitetinin “Qəyyumlar” Şurasının üzvü təyin edilib. 2019-cu ildən İbn Haldun Universitetində İslam fəlsəfəsi sahəsində aspirantlara mühazirələr oxuyur. Kalın 29 may 2020-ci ildə professor adını alıb.
2009-cu ildə o, Baş nazirin xarici siyasətə cavabdeh olan baş müşaviri vəzifəsinə təyin edilib. 2010-cu ilin yanvarında yaradılan Baş Nazirlik İctimai Diplomatiya Koordinatorunun ilk koordinatoru olub. 2012-ci ildə Baş nazirlik müşaviri müavini vəzifəsini icra edib. Rəcəb Tayyib Ərdoğan Prezident olduqdan sonra Prezidentliyin baş katibinin müavini təyin edilib. 2014-cü ildə ona səfir titulu verilib və Prezidentliyin sözçüsü təyin olunub. 2018-ci ildən Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və Prezidentin baş müşaviri vəzifələrində də çalışıb.
Ailəlidir, 3 övladı var.