Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Aİ-nin Cənubi Qafqaz siyasətinin əsl məqsədi Rusiyanı regiondan sıxışdırmaq, Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirməkdir.
TASS bildirir ki, diplomat Ermənistanda Aİ-nin müşahidə missiyasının əməliyyat mərkəzlərinin sayının artırılması ilə bağlı məlumatlara diqqət çəkərək, Brüsselin regionda mövcudluğunun, əslində, onun özü tərəfindən diktə edildiyini deyib.
“Məqsədi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək kimi elan edilən missiyanın işə salınması birtərəfli qaydada, qeyri-konsensus əsasında, Azərbaycan tərəfinin və digər regional oyunçuların razılığı və lazımi qaydada hesabatlılıq olmadan həyata keçirilib. Bu, Aİ-nin regiondakı siyasətinin əsl məqsədini təsdiqləyir. Bu məqsədlərdən ən başlıcası isə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq, Cənubi Qafqazı burada yaşayan insanların köklü maraqlarına ziyan vurmaqla geosiyasi qarşıdurma meydanına çevirməkdir”, - Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan şərhində bildirib.
Diplomatın fikrincə, Aİ missiyasının Bakı və İrəvana hesabat verməməsi Brüsselin regionda “gizli gündəliyi” olduğuna dair şübhələri gücləndirir və bu, təkcə Moskvada suallar doğurmur.
Zaxarova qeyd edib ki, Moskva regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində Bakı və İrəvana yardımı davam etdirəcək.
“Vəziyyətin inkişafı bir daha sübut edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və ümumiyyətlə, Cənubi Qafqazda vəziyyətin yaxşılaşdırılması üçün ən sabit və uzunmüddətli əsas Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərinin ardıcıl həyata keçirilməsidir”, - deyə M.Zaxarova fikrini yekunlaşdırıb.