Moskvanın xüsusi missiya ilə Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə göndərdiyi erməni əsilli milyarder Ruben Vardanyan Ukrayna tərəfindən axtarışa verilib.
Bu barədə unian.net məlumat yayıb.
Məlumata görə, onun adı Kiyevin sanksiyalar bazasına daxil edilib. Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi siyahıda yer alıb.
Bildirilir ki, Vardanyan Ukraynaya qarşı təcavüzə şərikdir. Rusiya Ukrayna və Qarabağda hərbi mövcudluğunu genişləndirmək üçün onun şirkətlərindən uğurla istifadə edib. Bundan başqa, Ruben Vardanyan Xəzər regionunda Kremlin ruporudur. Qarabağ bölgəsində daim münaqişənin qızışdırılması ilə birbaşa əlaqəli olan da məhz odur.
Vardanyan həmçinin ofşor şirkətlər vasitəsilə çirkli pulların yuyulmasında və Putinin nüfuzlu yaxınlarına pul köçürməkdə ittiham olunur. Qeyd edilir ki, onun Ukraynanın müntəzəm atəşə tutulmasında Moskvanı dəstəkləyən Tehranla da əlaqələri var.
Xatırladaq ki, Ukrayna hökuməti Vardanyana qarşı ilk dəfə hələ 2022-ci ilin oktyabrında sanksiyalar tətbiq edib.