İran hakimiyyəti uzun illər regionda özünün əsas rəqibi, hətta düşməni kimi təqdim etdiyi Səudiyyə Ərəbistanı ilə münasibətlərini normallaşdırmaqdadır.
Martın 10-da Çində əldə olunmuş razılaşma əsasında həyata keçirilən bu proses onun açar fiquru sayılan admiral Əli Şəmxaninin ötən ay İran Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilməsinə rəğmən, sürətlə davam edir.
İyunun 6-da İranın Səudiyyə Ərəbistanındakı səfirliyi 7 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb.
Bildirildiyinə görə, qarşıdan gələn Qurban bayramından sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki baş konsulluğu da işini bərpa edəcək. Bu proses çərçivəsində iyunun 17-də Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Tehrana səfər edib, iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla yanaşı, İbrahim Rəisi ilə də görüşüb və Səudiyyə Ərəbistanı Kralının bu ölkəyə səfərlə bağlı dəvətini İran Prezidentinə çatdırıb.
Lakin istər İranın özündə, istərsə də regionda və beynəlxalq aləmdə diqqətlə izlənən bu səfər daha çox onun gedişində baş vermiş qalmaqallı hadisə ilə gündəmə gəlib. Hətta demək olar ki, bir çoxları tərəfindən rəsmi Tehranın təhqir olunması kimi dəyərləndirilən həmin qalmaqal səfərin siyasi-diplomatik önəmi barədə xəbər və təhlilləri kölgədə qoyub və sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib. Söhbət Səudiyyə Ərəbistanı xarici işlər nazirinin öz iranlı həmkarı ilə birgə mətbuat konfransını divarında SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandanı general Qasım Süleymaninin şəkli olan salonda keçirməkdən imtina etməsindən gedir
“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: