Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Rusiya Prezidentinin Mətbuat xidməti yayıb.
Söhbətin əsas mövzusu Əfqanıstanda cərəyan edən proseslər olsa da, dövlət başçıları arasında Qarabağ məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.
Makronun xahişi ilə Putin onu 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının icrasının gedişi barədə məlumatlandırıb. Bildirilib ki, bütövlükdə bölgədə vəziyyət sabitdir. Qeyd olunub ki, hazırda Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası istiqamətində addımlar atılır.
Söhbət zamanı prezidentlər Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə, xüsusilə də ATƏT-in Minsk Qrupu çərçivəsində əməkdaşlığı bundan sonra da davam etdirmək əzmini ifadə ediblər.
Bunlardan başqa, söhbət əsnasında Ukraynanın cənub-şərqində gərginliyin davam etməsindən narahatlıq da ifadə edilib.