“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Senzor.az bildirir ki, Azərbaycan təmsilçisi Sloveniyada “Olimpiya”nın qonağı olub.
“Stojitse” stadionunda baş tutan qarşılaşmaya sürətli başlayan Qurban Qurbanovun yetirmələri birinci hissədə rəqibi iki dəfə meydanın mərkəzinə dəvət ediblər. 32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.
Komandaların ikinci hissədəki cəhdləri nəticə verməyib. Beləliklə, “Qarabağ” 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
**09:56
"Qarabağ" komandası bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Senzor.az bildirir ki, Azərbaycan çempionu pley-off mərhələsinin ilk matçında Sloveniyanın "Olimpiya" klubunun qonağı olacaq. “Stoyitse” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşü bolqarıstanlı FİFA referisi Georgi Kabakov idarə edəcək.
Ağdam klubu əvvəlki raundda Finlandiyanın HİK komandasını mübarizədən kənarlaşdırıb. Lyublyana təmsilçisi isə Çempionlar Liqasının III təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ına uduzaraq "köhlən atlar"a rəqib olub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 31-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.