Voleybol üzrə qadınlardan ibarət Türkiyə millisi tarixində ilk dəfə Avropa çempionu olub.
Senzor.az bildirir ki, Brüsseldə keçirilən finalda Türkiyə və Serbiya milliləri üz-üzə gəliblər.
Gərgin keçən qarşılaşmanın taleyi beşinci setdə həllə olunub. 15:13 hesabı ilə beşinci seti öz xeyrinə başa vuran Türkiyə millisi Avropa çempionu tituluna sahib çıxıb.
Yeri gəlmişkən, Belçika, Estoniya, Almaniya və İtaliyanın birgə ev sahibliyi etdiyi 33-cü Avropa çempionatında 24 komanda 4 qrupda mübarizə aparıb.
Qeyd edək ki, Türkiyə millisi daha əvvəl iki dəfə - 2003-cü və 2019-cu illərdə Avropa çempionatının finalında iştirak hüququ qazansa da, həmin görüşlərdə uduzaraq gümüş medallarla kifayətlənməli olub. Türkiyə sonuncu finalda məhz Serbiyaya uduzub.
Serbiya isə üç dəfə - 2011-ci, 2017-ci və 2019-cu illərdə Avropa, 2018-ci və 2022-ci illərdə dünya çempionu olub.