Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyi sosial şəbəkə hesabını izləməyə başlayan yeni təyin olunmuş Ermənistan səfiri Tiqran Balayana səhifədə “düşündürücü məlumatlar tapacağını” bildirib.
Bu barədə Azərbaycanın diplomatik missiyası “X” (keçmiş tvitter) sosial şəbəkə platformasında qeyd edib.
“Cənab səfir Tiqran Balayan, Azərbaycan səfirliyinin hesabına xoş gəlmisiniz. Özünüz üçün çoxlu aydınladıcı və düşündürücü məlumatlar tapacaqsınız”, - səfirlik yazıb.
Qeyd edək ki, iki gün əvvəl baş nazir Nikol Paşinyanın təklifi və prezident Vaaqn Xaçaturyanın sərəncamı ilə Tiqran Balayan Ermənistanın Belçikadakı səfiri və Ermənistanın Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri təyin edilib. Təyinatdan sonra o, Azərbaycan səfirliyinin “X” sosial şəbəkə platformasındakı səhifəsini izləməyə başlayıb.