Maliyyə Nazirliyi bu ilin iyun ayında "Standard and Poor’s" ("S&P") beynəlxalq kredit reytinq agentliyinin təsdiq etdiyi reytinq üzrə proqnoz göstəricisi ilə müqayisədə “Fitch Ratings" beynəlxalq reytinq agentliyinin ötən gün dərc etdiyi hesabatda ölkənin uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BB+” səviyyəsində, reytinq üzrə proqnozun isə “pozitiv” təsdiq etməsini müsbət hal kimi qiymətləndirir. Baxmayaraq ki, Nazirlik daha əvvəl bəyan etdiyi kimi, hər iki agentliyin ölkəmizin kredit reytinqi məsələsinə xəsislik nümayiş etdirdiyi fikrində qalır.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
“Fitch Ratings"in hesabatında bir sıra qeyri-dəqiq və mübahisəli rəqəmlər, proqnozlar verilib, eləcə də Azərbaycan tərəfindən qəbul edilməyən qiymətləndirmələr aparılıb”, - deyə açıqlamada qeyd olunub.
Nazirlik reytinq işinin müstəqilliyinə və obyektivliyinə hər hansı xələl gətirmədən hesabatda əks olunan məlumat və qiymətləndirmələrə dair Azərbaycanın aidiyyəti dövlət orqanlarının şərhlərinin də agentlik nümayəndələri tərəfindən əldə olunmasını və istifadə edilməsini zəruri və faydalı hesab edir.( “Report”)
**12:00
Azərbaycanın bank sektorunun vəziyyəti son illər xeyli yaxşılaşsa da, hələ də kifayət qədər zəif olaraq qalır.
Bunu "Fitch Ratings" beynəlxalq reytinq agentliyi bəyan edib.
Qurum rəyini bank sistemi indikatorunun “b” göstəricisi ilə bunu bir daha təsdiq edib.
Bundan başqa, "Fitch Ratings" bəyan edib ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 2022-ci ilin sonundakı 3,8 %-dən 3,5 %-ə düşüb. Bu da kredit qoyuluşunun sürətli artımı ilə bağlıdır.
"Banklarda kapital adekvatlığı 17,8 % səviyyəsindədir və tələb olunan depozitlərin geniş yayılması fonunda bank sektoru gəlirli olaraq qalır", - deyə agentlik bəyan edib.