Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının 4-cü Komitəsində (Siyasi və dekolonizasiya) Bakı Təşəbbüs Qrupunun İdarə Heyətinin üzvü, Fransanın dənizaşırı ərazisi olan Fransız Polineziyasının rəsmisi Ella Tokoragi Bakı Təşəbbüs Qrupu adından çıxış edib.
APA xəbər verir ki, o, Fransa müstəmləkəçiliyindən azad olmaq üçün mübarizələrini dəstəklədiyinə görə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının fəaliyyətini yüksək qiymətləndirib, Fransa administrasiyasını onlara qarşı aşağılayıcı rəftara görə qınayıb.
Ella Tokoragi rəsmi Parisi məsuliyyətli davranmağa, Fransız Polineziyasının ədalətli gələcəyi naminə onlarla dialoqa başlamağa çağırıb. O, Fransa hökumətindən Sakit okeandakı Müstəsna İqtisadi Zonalar da daxil olmaqla Fransız Polineziyasının bütün sərvətləri üzərində yerli xalqın tam suverenliyini tanımağı tələb edib. Ella Tokoragi Fransa hökumətinin Fransız Polineziyasinın ərazisində 193 nüvə sınağı həyata keçirdiyini, lakin əraziyə və ətraf mühitə dəymiş kəskin zərərin aradan qaldırılması üçün heç bir iş görmədiyini xüsusi vurğulayıb:
“Makron Prezident seçilməmişdən əvvəl seçki kampaniyası zamanı kolonializmin insanlıq əleyhinə cinayət olduğunu təsdiqləmişdi. Lakin o, prezident seçiləndən sonra bunu unutdu. Hətta Fransa administrasiyası repressiyalara başladı. Hökumət beynəlxalq hüququ bəhanə edərək bizim təbii sərvətlərimizi talan edir”.
O, beynəlxalq birliyə çağırış edərək, Fransa müstəmləkəçiliyinə son qoymaqda köməklik göstərilməsini xahiş edib və bir gün övladların layiqli şəkildə öz torpaqlarında müstəqil yaşayacağına ümidvar olduğunu bildirib.
Məlumat üçün bildirək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Bu xüsusda, BTQ 22 Sentyabr 2023-cü ildə ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin mənzil qərargahında “Dekolonizasiya: Sakit İnqilab” adlı konfrans keçirmişdir. Konfransın əsas məqsədi BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik” adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan yararlanmaq üçün müzakirələrin aparılması və Fransanın müstəmləkə siyasətinin dünya birliyinə çatdırılması olmuşdur. Tədbirdə Fransanın dənizaşırı bölgələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Melaneziya Təşəbbüs Qrupunun təmsilçisi iştirak etmişdir. Müstəqillik və millətçi hərəkatlarının nümayəndələri Fransa müstəmləkəçiliyindən tam azad olunanadək və müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirəcəklərini bəyan ediblər.