İsraildə Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 700-ə yüksəlib.
Bu barədə “Kan” dövlət teleradioşirkəti məlumat yayıb.
Məlumata görə, hücum zamanı daha 2,2 mindən çox israilli xəsarət alıb.
İsrail rəsmiləri bu rəqəmlərin yekun olmadığını, ölənlərin sayının hələ də hesablandığını, onlarla yaralının vəziyyətinin ağır olduğunu, buna görə də qurbanların sayının artacağını bildirirlər.
**15:36
İsraildə Fələstinin HƏMAS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 400-ə yüksəlib.
Bu barədə “Ynet” nəşri məlumat yayıb.
Bildirilib ki, indiyədək 2 048 nəfər yaralanıb. Xəstəxanaya yerləşdirilənlərdən 350-sinin vəziyyəti ağırdır.
**09:58
Mühasirəyə alınan Qəzza zolağından təşkil edilən hücumlar nəticəsində İsraildə ölənlərin sayı 300 nəfərə çatıb, yaralananların sayı isə 1000 nəfəri keçib.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə İsrail Ordu Radiosu məlumat yayıb.
HƏMAS hərəkatının silahlı qanadı tərəfindən İsraili hədəf alan “Aksa tufanı” əməliyyatı başlayandan bu ölkəyə minlərlə raket atılıb.
Bu arada İsrailin Baş naziri Benyamin Netanyahu mühasirədə olan Qəzza zolağının sakinlərini bölgəni tərk etməyə çağırıb və HƏMAS-ın mövcud olduğu bütün əraziləri xarabalığa çevirəcəklərini bildirib.
O, HƏMAS-ın İsrailə qarşı müharibəyə başladığını bildirib: “Bu gün baş verənlər heç vaxt baş verməyib və əmin olacağam ki, bir daha təkrarlanmayacaq. Ordu HƏMAS-ı məhv etmək üçün bütün gücünü sərf edəcək. HƏMAS-ın toplaşdığı və gizləndiyi bütün yerləri məhv edəcəyik. Pislik etməyi planlaşdırdıqları, indi gizləndikləri yerlərin hamısı yerlə yeksan ediləcək”.
**23:16 (07.10.2023)
“HƏMAS”ın İsrail ərazisinə atdığı raketlərin sayı 3 mini keçib, nəticədə 250 nəfər yerli sakin ölüb, 1 452 nəfər xəsarət alıb.
İsrailin Səhiyyə Nazirliyi bildirib ki, hazırda yaralılardan 18-inin vəziyyəti çox ağır, 546 nəfərinki isə ağır və orta-ağırdır.
Xarici KİV-in yazdığına görə, 22 müxtəlif yerdə terrorçular mülki şəxslərə və əsgərlərə hücum ediblər. Hazırda mövcud vəziyyətlə bağlı ehtiyatda olan hərbçilər yenidən ordu sıralarına çağırılır.
**18:04
HƏMAS-ın İsrailə hücumu nəticəsində 100 nəfər ölüb.
“The Times of Israel” nəşri xəbər verir ki, hadisə nəticəsində yaralananların sayı 900 nəfərə çatıb.
Məlmatda çox sayda girovun Qəzzaya aparıldığı da bildirilir.
**16:29
Son məlumatlara görə, İsrailə raket zərbələri nəticəsində azı 40 nəfər ölüb, 740-dan çox insan yaralanıb.
Bu barədə TASS məlumat yayıb.
Hazırda İsrail ordusu Qəzza sektorunda HƏMAS mövqelərinə zərbələr endirir.
**14:24
HƏMAS-ın İsrailə hücumu nəticəsində yaralananlardan 545 nəfəri xəstəxanaya yerləşdirilib.
“The Times of Israel” nəşri xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində azı 22 nəfər ölüb. Ancaq ölənlərin sayının artacağı istisna edilmir.
**13:03
HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində ölənlərin sayı 6-ya çatıb.
“The Times of Israel” xəbər verir ki, müxtəlif xəstəxanalardan verilən məlumatda 200-ə yaxın yaralının olduğu bildirilib.
**
HƏMAS-ın İsrailə hücumu nəticəsində Sderot qəsəbəsində 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
“The Times of Israel” xəbər verir ki, HƏMAS təşkilatı Qəzza zolağındakı İsrailin cənubuna və mərkəzinə kütləvi raket zərbələri endirir.
Təşkilatın üzvləri artıq sərhəddə yerləşən Sderot qəsəbəsinə və digər ərazilərə sızıblar. Ərazilərdə toqquşmalar yaşanır.
Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu həyəcan siqnalı səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Atılan raketlər nəticəsində 70 yaşlı qadın həyatını itirib. Cənub dairəsində isə polis general-mayoru Amir Koen yaralanıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.
**09:42
İsrailin mərkəzi və cənub hissələri, eləcə də Qəzza zolağına bitişik ərazilərdə hava hücumu xəbərdarlığı elan edilib.
Bu barədə İsrail Müdafiə Qüvvələri “Telegram” kanalında bildiriblər.
“Qəzza zolağından İsrailə raketlər atılıb”, - deyə xəbərdə qeyd olunub.
İsrailin cənub və mərkəz sakinlərindən qorunan ərazilərin yaxınlığında qalmaları və təlimatlara əməl etmələri istənilib.
Qeyd edək ki, raket hücumu nəticəsində bir neçə nəfər yaralanıb.