“BMT Baş katibi Antonio Quterreşin HƏMAS-ın İsrailə qarşı vəhşicəsinə hücumuna haqq qazandıran açıqlamalarından sonra İsrail BMT rəsmilərinə viza verilməsindən imtina edəcək”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İsrailin BMT-dəki səfiri Gilad Erdan Ordu Radiosuna açıqlamasında deyib.
“Onun bəyanatları səbəbindən biz BMT nümayəndələrinə viza verməkdən imtina edəcəyik”, - deyə Gilad Erdan bildirib.
“Biz artıq Baş katibin humanitar məsələlər üzrə müavini Martin Qriffitsə viza verməkdən imtina etmişik. Onlara dərs verməyin vaxtıdır”, - deyə Erdan qeyd edib.
Xatırladaq ki, Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının İsrail və HƏMAS arasında müharibəyə həsr olunmuş iclasında HƏMAS-ın hücumunun əbəs yerə olmadığı ilə bağlı ifadə dilə gətirib.
“Eyni zamanda, etiraf etmək lazımdır ki, HƏMAS-ın hücumu boş yerə olmayıb”, - deyə Quterreş bildirib.
Onun bu bəyanatı İsrail tərəfindən HƏMAS-a haqq qazandırılması kimi qiymətləndirilib və qəzəb doğurub.