Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniya Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
Bu barədə Prezident Zelenski "X" hesabında bildirib.
"Böyük Britaniyanın Ukraynaya dəstəyi sarsılmaz olaraq qalır və mən bunu yüksək qiymətləndirirəm", Zelenski qeyd edib.
Zelenski bildirib ki, telefon danışığı zamanı o, Böyük Britaniya Baş nazirini Avdiivka ətrafında döyüşlər barədə məlumatlandırıb.
"Biz gələcək müdafiə əməkdaşlığını, xüsusən də Ukraynanın hava hücumundan müdafiəsi üçün daha çox raket və dron əleyhinə imkanları müzakirə etdik. Mən Baş nazir Rişi Sunakı Rusiyanın Qara dənizdə mülki naviqasiyanı riskə atan hərəkətləri barədə məlumatlandırdım. Ukraynanın taxıl dəhlizi bütün çətinliklərə baxmayaraq işləməyə davam edəcək".
Tərəflər, həmçinin Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.
"Biz gərginliyin dayandırılmasının qlobal birliyin maraqlarına uyğun olduğu barədə razılaşdıq", Zelenski əlavə edib.