Bu gün Vətənimiz Azərbaycanda olmaqdan məmnunluq duyuruq.
Bunu Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakaya Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birgə keçirilən mətbuat konfransında bildirib.
AK Parti sədrinin müavini qeyd edib ki, sabah Qərbi Azərbaycan İcmasının təşkil etdiyi beynəlxalq konfransa qatılacaq və çıxış edəcək: “Türkiyə-Azərbaycan əlaqələrinin dünyada tayı-bərabəri yoxdur. Mustafa Kamalın qeyd etdiyi kimi, Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimiz, Heydər Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Eyni zamanda, Azərbaycan-Türkiyə əlaqələri Türk dünyasının bir araya gəlməsində mühüm rol oynayır".
Zəfər Sırakaya Türkiyədə baş verən zəlzələ zamanı göstərdiyi yardıma görə Prezident İlham Əliyev və Azərbaycan xalqına təşəkkürünü çatdırıb.
O, Azərbaycanı Zəfər münasibəti ilə bir daha tərik edib: "Azərbaycan antiterror əməliyyatı ilə suverenliyini tam bərpa edib. Qürurluyuq ki, artıq Xocalıda da Azərbaycan bayrağı dalğalanır. Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər zaman yanında olmağa davam edəcək".
**18:04
Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında memorandum imzalanacaq.
Senzor.az-ın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakaya ilə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, partiyalar arasında əlaqələrin genişləndirilməsi qarşıda duran əsas məsələlərdən biridir: "Bu əlaqələrin inkişaf etdirilməsi dövlətlər arasında əlaqələrin inkişafına da öz töhfəsini verir. Biz qısa zaman ərzində iş birliyinin yeni müstəviyə keçməsinə nail olacaq”.
T.Budaqov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Yeni Azərbaycan Partiyası qarşıya yeni hədəflər qoyub və bunlardan biri də partiyanın xarici əlaqələrinin genişləndirilməsidir: “Yeni Azərbaycan Partiyası Ədalət və İnkişaf Partiyası ilə birgə memorandum imzalayıb və hər iki hakim partiyanın nümayəndələri qarşılıqlı səfərlər ediblər. Biz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hakim partiyalarının əlaqələrinin daha da genişləndirilməsinə töhfə verməyə çalışırıq”.
YAP rəsmisi vurğulayıb ki, Azərbaycan və Özbəkistanın hakim partiyaları arasında yeni memorandum imzalanması gözlənilir: “Həmçinin Qazaxıstanın hakim partiyası ilə də əlaqələrimiz genişlənir. Eyni zamanda Avropada yaşayan türklərlə əlaqələrimizi genişləndirməyə çalışacağıq”.
**15:35
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
Senzor.az-ın xəbərinə görə, səfər Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə həyata keçirilir.
Z.Sırakaya YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşəcək.
Görüş zamanı iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsi, həmçinin gələcəkdə atılacaq addımların müzakirəsi nəzərdə tutulub.