Dünyanın 64 ölkəsində təmsilçisi olan Beynəlxalq Jurnalistlər Şurasının Xarici Media Məclisi Fransada azərbaycanlı jurnalist Aygün Həsənovanın təzyiqlərə məruz qalması ilə bağlı etiraz bəyanatı yayıb.
Qurumun Xarici Media Məclsinin sədri Elşad Eyvazlı bildirib ki, media təmsilçisinə qarşı belə bir davranışı kəskin şəkildə qınayırlar.
“Biz jurnalistlərə qarşı hər cür təzyiq və zorakılığı pisləyirik. Ötən gün Azərbaycanın rəsmi media qurumu AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovaya qarşı olan təzyiqlərə görə Fransa hökumətindən açıqlama istəyirik", - o əlavə edib.
E.Eyvazlı vurğulayıb ki, Fransada qeydə alınmış jurnalistin peşəkar fəaliyyətinə maneə olmaq halı beynəlxalq hüquq və azadlıqların pozulmasıdır:
"Dünyanın siyasi mərkəzlərindən birində belə hal baş verirsə, bu, bütün dünyadakı jurnalistləri məyus edir. Heç bir əsas göstərmədən jurnalistin polis bölməsində saxlanılaraq ölkədən çıxarılmasını jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayırıq”.
Qeyd edək ki, Fransanın rəsmi dairələri AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı A.Həsənovanın jurnalist kimi peşəkar fəaliyyətinə yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədiblər. Jurnalist polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılıb.